Azərbaycan Prezidentinin müraciəti mediamız üçün yol xəritəsidir

Azərbaycan mətbuatı özünün 150-ci ilini yaşayır. Keşməkeşli, çətin, amma həm də şərəflə və məsuliyyətlə keçilmiş bir yol var. Həsən bəy Zərdabi ilə, onun “Əkinçi”si ilə başlayan bu yolda canlar verildi, qanlar töküldü. Mediamız ideoloji, siyasi, mənəvi, psixoloji basqıya məruz qalsa da bir an olsun xalqımızın təşkilatlanması, azadlıq və müstəqilliyi üçün, dövlət və dövlətçiliyin qorunması istiqamətində töhfə verməkdən vaz keçmədi.
Bu müddətdə jurnalistlərimiz, ziyalılarımız da çox böyük fədakarlıqlar göstərdilər. Bir an da olsun xalqımızı informasiyasız qoymadılar. Onu maarifləndirdilər, məlumatlandırdılar.
“Əkinçi”, “Füyuzat”, “Molla Nəsrəddin”lə başlanan yol bu günə qədər gəlib çıxdı.
İnformasiya, internet, süni intellekt, sürət əsrində Azərbaycan mediası yenə də öz sözünü deməkdə, öz imzasını atmaqda, xalqımızın və dövlətimizin haqq sözünü çatdırmaqda davam edir.
Azərbaycan mətbuatının 150 illiyilə bağlı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq ölkəmizdə çoxsaylı tədbirlər keçirilir.
150 yaşını qeyd edən Azərbaycan mediası nüfuzlu xarici jurnalistlərlər birlikdə Prezident İlham Əliyevin himayəsi altında azad Qarabağda III Şuşa Qlobal Media Forumunda möhtəşəm bir konfransa imza atdı. Prezident burada media nümayəndələrilə görüşündə çox ciddi mesajlar verdi. Onun çıxışı yerli və xarici mediada geniş şəkildə müzakirə olunmaqdadır. İlham Əliyevin ölkə daxili və qlobal mövzularla bağlı suallara verdiyi cavablar, səsləndirdiyi fikir və tezisləri bir sözlə qiymətləndirmək olar: MÖHTƏŞƏM. Dövlət başçısı növbəti dəfə suallara verdiyi cavablarla, açıqladığı məqamlarla əsl peşəkar dərsi keçmiş oldu. Onun Azərbaycan mediasına, jurnalistlərinin fəaliyyətinə verdiyi qiymət isə diqqətçəkici idi. Bu, mediamızın fədakarlığına dövlət başçısı səviyyəsində verilən qiymətin göstəricisi olmaqla yanaşı, həm də məsuliyyətin artrırılmasına çağırış idi.
150 illiklə bağlı MEDİA Agentliyinin təşkilatçılığı ilə 22 iyulda keçirilən tədbir də mühüm məqamlarla yadda qaldı. Dövlət başçısının jurnalistlərə müraciətini Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri hörmətli Hikmət Hacıyev oxudu. Müraciətində cənab Prezident İlham Əliyev çox mühüm məsələlərə toxunmuşdu. Müraciətdə Azərbaycan mətbuatının müstəqilliyi, cəmiyyətimizin inkişafına verdiyi töhfə də əksini tapmışdı. Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olmuşdur. Bu istiqamətdə daim sistemli iş aparılıb, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılıb, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirilib. Bir sözlə desək cənab Prezidentin müraciəti bizlər üçün, mediamız üçün, elə həm də bütövlükdə cəmiyyətimiz üçün yeni bir yol xəritəsi idi deyə bilərik.
Mətbuatın yubiley ilində jurnalist dostlarımızın Prezident tərəfindən mükafatlandırılması, onların gərgin və məhsuldar əməyinə verilən ən yüksək qiymət idi. Mükafat alan dostlarımızın sevincini görmək çox xoş idi. Bu münasibətlə onların hamısını təbrik edir, bundan sonra da peşə fəaliyyətlərində uğurlar əldə etmələrini arzulayırıq.
Azərbaycan mətbuatının 150 illiyi münasibətilə yubiley medalının təsis olunması, onun jurnalistikamızın görkəmli nümayəndələrinə təqdim olunması 22 iyulda keçirilən tədbirə xüsusi bir rəng qatmış oldu.
150 illik yubiley fəaliyyətləri və tədbirləri davam edir. Azərbaycan Prezidentinin və dövlətimizin qayğısını öz üzərində hiss edən jurnalistlərimiz əminəm ki, bundan sonra daha da məsuliyyətlə və həvəslə prşə fəaliyyətlərinə davam edəcəklər. Öz çalışmaları ilə ölkəmizi və xalqımızı informasiya savaşından qalib çıxaracaq, cəmiyyətimizin onlardan olan gözləntilərini doğruldacaqlar.
Mübariz Göyüşlü
Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru
18:56 23.07.2025
Oxunuş sayı: 847