Şamil Vəliyevin 65 illik yubileyi tamam olub

Fevralın 22-də tanınmış Azərbaycan alimi və jurnalisti, Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının müdiri(2005-2012), Jurnalistika fakültəsinin dekanı(2012-2016), Azərbaycan Respublikasının Əməkdar jurnalisti, professor Şamil Vəliyevin (1960-2024) 65 illik yubileyidir.
Şamil Qiyas oğlu Vəliyev 1960-cı ilin fevralın 22-də Qərbi Azərbaycanın Loru mahalının (indiki Noyemberyan), Yuxarı Körpülü kəndində anadan olmuş, 1977–1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil almışdır.
1983–1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin elmi işçi, 1985–2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır. 1989-cu ildə "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri" mövzusunda namizədlik(fəlsəfə doktoru), 2003-cü ildə "Füyuzat" ədəbi məktəbi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
2005-ci ildə BDU-ya dəvət edilmiş, Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən Mətbuat tarixi kafedrasının professoru, 2012-ci ildən Jurnalistika fakültəsinin dekanı olmuşdur.
Azərbaycan mətbuatının kölgədə qalan hadisələri və simaları, Əli bəy Hüseynzadə, “Füyuzat” jurnalı və XX əsrin əvvəllərinin bir çox digər qaranlıq səhifələri məhz professor Şamil Vəliyevin gərgin elmi fəaliyyəti nəticəsində işıqlandırılmışdır. Onun kütləvi informasiya vasitələrində məzmunlu çıxışları, aydın vətəndaşlıq mövqeyi, auditoriyalarda dərin elmi mühazirələri bir neçə nəsil insanın formalaşmasında öz rolunu oynamışdır.
2009-cu ildə professor Şamil Vəliyev milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar jurnalist fəxri adına layiq görülmüş, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)" yubiley medalı ilə təltif edilmişdir.
Böyük alim, tanınmış ictimai xadim, istedadlı jurnalist, səmimi insan olan professor Şamil Vəliyev uzun sürən ağır xəstəlikdən sonra 2024-cü il yanvarın 18-də vəfat etmişdir.
Allah rəhmət eləsin!
10:37 22.02.2025
Oxunuş sayı: 7769