Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqlənib
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələbləri təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, qəbul edilən sənəd “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə Prezident Fərmanının icrası məqsədilə hazırlanıb. Tələblərin əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılması və vahid yanaşmanın təmin edilməsidir.
Yeni qaydalara əsasən, müəllimin geyimi onun iş fəaliyyətinə mane olmamalı, şagirdlərin diqqətini yayındırmamalı və onlarda geyim, üslub, eləcə də müxtəlif situasiyalara uyğun geyim seçimi barədə düzgün münasibətin formalaşmasına xidmət etməlidir.
Təhsilverənlərin geyimi ümumi təhsilin dünyəvilik prinsipinə uyğun, mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Pedaqoji fəaliyyətin xarakterinə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyim və elementlərdən istifadəyə icazə verilmir.
Müəllimlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, eləcə də təhsil müəssisəsini təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə əməl etməlidirlər.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə isə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadə edilə bilər.
Qeyd edək ki, söhbət müəllimlər üçün vahid məktəb formasının tətbiqindən deyil, geyim qaydalarının, yəni dress-kodun müəyyənləşdirilməsindən gedir.
Ekspertlərin fikrincə, müəllimlərin işgüzar üsluba uyğun geyinməsi təşkilati, pedaqoji və idarəetmə baxımından müsbət təsir göstərə bilər. İşgüzar geyim müəllimin peşə standartlarını təmsil etməsi ilə yanaşı, tədris prosesində uyğun iş mühitinin qorunmasına da kömək edir.
Təhsil ekspertləri həmçinin bildirirlər ki, şagirdlərin məktəbli forması geyinməsi fonunda müəllimlər üçün dress-kod tələblərinin tətbiqi məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi kimi qəbul edilə bilər. Bunun təhsil müəssisəsinin ictimai nüfuzuna da müsbət təsir göstərəcəyi qeyd olunur.
20:02 06.10.2026
Oxunuş sayı: 54