İsrail məsələsində Qərbin parçalanan mövqeyi: London Vaşinqtondan uzaqlaşır?
Britaniyanın işğal olunmuş İordan çayının Qərb sahilindəki İsrail yaşayış məskənlərindən gələn malların idxalına qadağa qoyması ilk baxışdan İsrail iqtisadiyyatına ciddi zərbə kimi görünməyə bilər. Çünki həmin yaşayış məskənlərinin Britaniya ilə ticarətinin ümumi həcmi İsrail-Britaniya iqtisadi əlaqələri ilə müqayisədə çox kiçikdir. Lakin qərarın iqtisadi deyil, siyasi çəkisi daha böyükdür. London bununla İsrail hökumətinin Qərb sahilindəki siyasətinə qarşı artıq yalnız diplomatik bəyanatlarla kifayətlənməyəcəyini göstərir.
Daha əhəmiyyətlisi isə budur ki, Britaniyanın addımı ABŞ-la Avropa arasında İsrail məsələsində yaranan fikir ayrılığını daha görünən edir.
Uzun illər Yaxın Şərq siyasətində Qərbin ümumi mənzərəsi kifayət qədər aydın idi: ABŞ İsrailin əsas strateji və siyasi dayağı kimi çıxış edir, Avropa ölkələri isə müəyyən tənqidlər səsləndirsələr də, ümumilikdə Vaşinqtonla eyni düşərgədə qalırdılar. Bu model son illərdə, xüsusilə Qəzza müharibəsindən sonra ciddi şəkildə dəyişməyə başlayıb.
İndi isə Avropanın bir sıra aparıcı ölkələri İsrail hökumətinə münasibətdə daha sərt mövqe tutur.
Britaniyanın qərarı Fransa və Kanada ilə koordinasiya şəraitində qəbul edilib. Bundan başqa, Danimarka, İspaniya, Finlandiya, İrlandiya, İslandiya, Norveç, Polşa, Portuqaliya və İsveç də İsrail yaşayış məskənləri ilə ticarətin məhdudlaşdırılması istiqamətində mövqe ortaya qoyublar. On iki ölkə iki dövlətli həllə dəstəyini bir daha təsdiqləyərək məskənlərin genişləndirilməsinin dayandırılmasını tələb edib.
Bu mənada məsələ artıq yalnız Britaniya–İsrail münasibətlərindən ibarət deyil. Söhbət Qərbin İsrail siyasətində yeni cəbhələşmənin formalaşmasından gedir.
Londonun mesajı nədir?
Britaniyanın əsas arqumenti ondan ibarətdir ki, Qərb sahilində yaşayış məskənlərinin genişləndirilməsi gələcək Fələstin dövlətinin yaranmasını faktiki olaraq mümkünsüzləşdirə bilər. Xüsusilə Qüds yaxınlığındakı E1 yaşayış məskəni layihəsi London tərəfindən kritik məsələ kimi qiymətləndirilir. Britaniya hesab edir ki, bu layihə Fələstin dövlətinin ərazi bütövlüyünü və iki dövlətli həll perspektivini ciddi şəkildə zəiflədə bilər.

Ona görə də Londonun addımı sadəcə “İsrail məhsullarına qarşı sanksiya” kimi qiymətləndirilməməlidir.
Britaniya faktiki olaraq İsrail hökumətinə belə bir mesaj verir: İsrailin təhlükəsizliyi və mövcudluğu ilə bağlı siyasi dəstək davam edir, lakin bu dəstək Qərb sahilində məskunlaşmanın genişləndirilməsinə verilmiş açıq çek deyil.
Bu fərq əhəmiyyətlidir.
Çünki Britaniya xarici işlər naziri Ed Milibendin açıqlamalarından da görünür ki, London İsrail dövlətini və İsrail hökumətinin konkret siyasətlərini artıq daha aydın şəkildə bir-birindən ayırmağa çalışır. Britaniya İsrailin mövcudluq və təhlükəsizlik hüququnu tanıdığını vurğulamaqla yanaşı, işğal siyasətinə qarşı tədbirlər görəcəyini bildirir.
Vaşinqtonla əsas fikir ayrılığı burada başlayır
Məhz bu məqamda ABŞ faktoruna diqqət yetirmək lazımdır.
Vaşinqton Britaniya və digər ölkələrin yaşayış məskənlərinə qarşı ticarət məhdudiyyətlərinə mənfi münasibət göstərib. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Britaniyanın addımını tənqid edib və belə siyasətin Britaniya şirkətləri üçün ABŞ-ın bəzi ştatlarında iqtisadi nəticələr doğura biləcəyini də bildirib. ABŞ isə özü İsrail yaşayış məskənlərindən idxala analoji qadağa tətbiq etmir.
Beləliklə, Qərbdə maraqlı mənzərə yaranır.

Vaşinqton İsrailin təhlükəsizliyini və onunla strateji tərəfdaşlığı prioritet olaraq saxlayır. London və bir sıra Avropa paytaxtları isə İsrailin təhlükəsizliyini dəstəkləməklə yanaşı, onun Qərb sahilindəki siyasətinə qarşı konkret iqtisadi və diplomatik təzyiq tətbiq etməyə başlayırlar.
Bu, transatlantik münasibətlər baxımından əhəmiyyətli siqnaldır.
Çünki burada söhbət yalnız Fələstin məsələsinə fərqli yanaşmadan getmir. Söhbət ABŞ-nin Yaxın Şərq siyasəti ilə Avropanın öz xarici siyasət xəttini Vaşinqtondan müəyyən qədər müstəqilləşdirmək cəhdinin kəsişməsindən gedir.
İsrailin sərt reaksiyası
Təbii ki, İsrail Londondan gələn bu mesajı cavabsız qoymayıb.
İsrail xarici işlər naziri Gideon Saar Britaniyanın Şərqi Qüdsdəki konsulluğunun bağlanacağını açıqlayıb. Bundan başqa, Londonun ABŞ-nin Qəzza üzrə koordinasiya missiyasından kənarlaşdırılması, bəzi britaniyalı şəxslərin İsrailə girişinin məhdudlaşdırılması və təhlükəsizlik sahəsində əməkdaşlığın zəiflədilməsi də gündəmə gəlib.
Bu reaksiya göstərir ki, İsrail məsələnin iqtisadi tərəfini deyil, siyasi presedentini daha təhlükəli hesab edir.
Çünki yaşayış məskənlərindən ixrac edilən məhsulların həcmi məhduddur. "Reuters"in məlumatına görə, Britaniya ilə İsrail arasındakı ümumi illik ticarət təxminən 6 milyard funt təşkil etdiyi halda, Qərb sahilindəki yaşayış məskənlərindən Britaniyaya daxil olan məhsulların həcmi bunun çox kiçik hissəsidir.
Deməli, əsas məsələ pul deyil.
Əsas məsələ presedentdir.
Əgər Britaniyanın addımınş digər Avropa ölkələri t də genişləndirərsə, İsrail yaşayış məskənlərinə münasibətdə ayrı-ayrı diplomatik etirazlardan daha sistemli iqtisadi təzyiq mexanizmi yarana bilər.
Avropanın özü də vahid deyil
Lakin burada başqa mühüm məqamı da nəzərdən qaçırmaq olmaz: Avropa hələ İsrail məsələsində tam vahid mövqeyə malik deyil.
Bəzi ölkələr daha sərt sanksiyaları dəstəklədiyi halda, Almaniya kimi əsas Avropa dövlətlərinin daha ehtiyatlı mövqeyi vahid Avropa siyasətinin formalaşmasını çətinləşdirir. Buna görə Londonun təşəbbüsünü dərhal “Avropanın İsrailə qarşı vahid cəbhəsi” kimi təqdim etmək düzgün olmaz.
Amma dəyişiklik yenə də göz qabağındadır.
Avropa daxilində İsrail hökumətinin Qəzzadakı fəaliyyəti, Qərb sahilində məskunlaşma siyasəti və Fələstin dövlətinin gələcəyi ilə bağlı narahatlıq artıq siyasi bəyanat səviyyəsindən çıxaraq ticarət və sanksiya siyasətinə keçir.
Bu isə İsrail üçün uzunmüddətli diplomatik problem yarada bilər.
Yeni geosiyasi xətt formalaşır
Əslində Britaniyanın son qərarını daha geniş bir prosesin hissəsi kimi qiymətləndirmək lazımdır.
Qəzza müharibəsi Qərbin daxilində İsrailə münasibətdə əvvəllər mövcud olan nisbi konsensusu ciddi şəkildə sarsıtdı. ABŞ İsrailə strateji dəstəyini qoruyur. Avropanın bir hissəsi isə İsrailin təhlükəsizlik ehtiyaclarını qəbul etməklə yanaşı, hökumətin Fələstin siyasətinə qarşı daha sərt mövqe tutur.
Beləliklə, İsrail məsələsi artıq yalnız İsrail–Fələstin qarşıdurması deyil.
Bu, eyni zamanda ABŞ ilə Avropa arasında Yaxın Şərqin gələcəyinə dair yanaşma fərqidir.
Britaniyanın qərarının əsas nəticəsi də burada ortaya çıxır. London iqtisadi baxımdan məhdud təsirə malik bir qadağa tətbiq etməklə Vaşinqtona və İsrailə daha böyük siyasi mesaj göndərir: Avropa Yaxın Şərq siyasətində ABŞ-ın mövqeyini avtomatik şəkildə təkrarlamaq niyyətində deyil.
Əgər bu tendensiya davam edərsə, qarşıdakı dövrdə əsas sual İsrailin Avropa ilə münasibətlərinin nə qədər pisləşəcəyi deyil, ABŞ və Avropanın İsrail məsələsində nə qədər fərqli mövqelərə gedəcəyi olacaq.
Çünki Qərbin İsrail siyasətində yaranan çat artıq görünür.
Və bu çatın dərinləşməsi Yaxın Şərqdəki siyasi proseslər qədər, transatlantik münasibətlərin gələcəyi üçün də əhəmiyyət daşıyır.
Müşahidəçi
17:30 09.09.2026
Oxunuş sayı: 60
Siyasətin pərdəarxası
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir.