İsraildə seçkilər başlayır - təxribat riski artıb
İsraildə oktyabrın 27-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkənin gələcək siyasi mənzərəsi ilə yanaşı, Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı məsələsini də ön plana çıxarıb. Knessetin iyulun 17-də özünü buraxmaq qərarından sonra təyin edilən seçkilər ərəfəsində Netanyahunun dəstəyi zəifləsə də, o, 33-35 faizlə baş nazir postuna ən populyar namizəd olaraq qalır. Bununla belə, hazırkı göstəricilər nə onun rəhbərlik etdiyi sağ blokun, nə də müxalifətin hökumət qurmaq üçün yetərli mandat əldə edə biləcəyini göstərir. Bu isə seçkilərdən sonra siyasi dalanın yaranması və İsraildə növbəti seçki ehtimalını gündəmə gətirir.
Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hazifoğlu Crossmedia.az-a açıqlamasında İsraildə oktyabrın 27-də siyasi baxımdan mühüm dəyişiklik baş verə biləcəyini bildirib. Onun sözlərinə görə, əsas məsələlərdən biri Benyamin Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağıdır: “Ümumiyyətlə, oktyabrın 27-də İsrailin siyasi tarixində çox önəmli bir dəyişikliyin baş verəcəyi ehtimal edilir. Təbii ki, burada hakimiyyətdə Netanyahunun qalıb-qalmayacağı məsələsi gündəmdədir. Populyarlıq var amma eyni zamanda Netanyahunun qarşısında çox böyük, ciddi risklər də var”.
Ekspert qeyd edib ki, Netanyahu Qəzzada gedən müharibədən və Livanla toqquşmalardan siyasi maraqları üçün istifadə edib. O, İsrail cəmiyyətinin bu siyasətdən yorulduğunu düşünür: “Sirr deyil ki, Qəzzada gedən müharibədən, Livanla olan toqquşmalardan və sairədən Netanyahu öz siyasi maraqları üçün istifadə edib. Amma məsələ ondan ibarətdir ki, İsrail xalqı, yəhudi xalqı Benyamin Netanyahunun bu cür siyasi spekulyasiyalarından, yalanlarından doyub”.

R.Hazifoğlu hesab edir ki, bu vəziyyətdə Netanyahu üçün yeni düşmən obrazının yaradılması gündəmə gələ bilər. Onun sözlərinə görə, seçki bilbordlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyə dövlətinin düşmən obrazında təqdim edildiyi görünür: “Bu baxımdan düşünürəm ki, Benyamin Netanyahu üçün yeni bir düşmən obrazı yaratmaq lazım olacaq. Artıq İsraildə, seçki, Benyamin Netanyahunun seçki bilbordlarında həmin düşmən obrazı açıq şəkildə göstərilib. Bu da, təəssüflər olsun ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyə dövlətidir. Yəni İranla eyniləşdirilir, HƏMAS-la eyniləşdirilir”.
Ekspertin fikrincə, Qəzza, İran və Livandakı vəziyyət Netanyahunun siyasi maraqları üçün istifadə oluna bilər. O, həmçinin yeni münaqişə ocağının yaranması və İsrailə hücum və ya təxribat ehtimalını istisna etməyib: “Dolayısıyla, heç şübhəsiz, nəinki Qəzzadakı vəziyyət, hətta İrandakı vəziyyət, hətta, Livandakı vəziyyət, yəni Benyamin Netanyahunun öz maraqlarını, öz siyasi maraqlarını aktiv şəkildə lobbiləşdirmək üçün istifadə olunacaq. Və hesab edirəm ki, hətta yeni bir münaqişə ocağı yarana bilər. İsrailə yeni belə bir hücumun və yaxud da hər hansı bir təxribatın bu ərəfələrdə, bu aralarda baş verəcəyi belə ehtimal edilir ki, bu da Benyamin Netanyahunun siyasi maraqlarına xidmət edən amillərdən biri ola bilər”.
Nigar Xəlilli
16:00 07.09.2026
Oxunuş sayı: 72