Şagirdlərdə ciddi problem - süni intellekt tədrisə necə təsir göstərir?
Süni intellekt texnologiyalarının təhsil prosesində istifadəsi son illərdə geniş vüsət alıb. Şagirdlər dərs tapşırıqlarının hazırlanması, mövzuların izahı və müxtəlif məsələlərin həlli zamanı süni intellekt platformalarından yararlanırlar. Bu imkanlar düzgün istifadə edildikdə öyrənmə prosesinə əlavə dəstək verə bilər. Lakin süni intellektdən həddindən artıq və nəzarətsiz istifadə şagirdlərin müstəqil düşünmə və öyrənmə bacarıqlarına mənfi təsir göstərə bilər. Xüsusilə ev tapşırıqlarının mütəmadi olaraq süni intellekt vasitəsilə hazırlanması şagirdin mövzunu özü araşdırmaq ehtiyacını azaldır. Bu isə zamanla mütaliə vərdişlərinin zəifləməsinə və biliklərin mənimsənilməsi prosesinin formal xarakter daşımasına səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, burada əsas məsələ süni intellektdən tamamilə imtina etmək deyil, ondan düzgün və məqsədyönlü istifadənin təmin edilməsidir. Bu baxımdan həm valideynlərin, həm də müəllimlərin nəzarəti şagirdlərin texnologiyadan asılı vəziyyətə düşməsinin qarşısının alınmasında mühüm rol oynayır. Təhsil prosesində süni intellektin imkanlarından faydalanmaqla yanaşı, şagirdlərin müstəqil düşünmə və problem həll etmə bacarıqlarının qorunması əsas prioritetlərdən biri olmalıdır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, şagirdlərin süni intellektdən həddindən artıq istifadə etməsi onların ümumi tədris prosesindən tədricən uzaqlaşmasına gətirib çıxara bilər:
“Şagirdlərin süni intellektdən həddindən artıq istifadə etməsi, əlbəttə ki, onların ümumi tədris prosesindən tədricən uzaqlaşmasına gətirib çıxaracaq. Ona görə də burada mütləq xüsusi nəzarət mexanizmi tətbiq etməliyik ki, şagirdlər dərs tapşırıqlarını icra edərkən süni intellekt platformalarından asılı vəziyyətə düşməsinlər. Müəyyən bir mövzunu və ya məsələnin həllini öyrənmək üçün süni intellektdən istifadə etmək olar. Lakin bunu bütün ev tapşırıqlarına tətbiq etmək tədricən mütaliə vərdişlərini aradan qaldıracaq, eyni zamanda bilik və bacarıqların inkişafına mane olacaq. Bütün bunları nəzərə alaraq, həm valideynlər, həm də müəllimlər tərəfindən bu istiqamətdə xüsusi diqqət tələb olunur.
Valideynlərin roluna nəzər salan ekspert qeyd edib ki, onlar evdə övladlarına nəzarət etməlidirlər: "Uşaqlar ev tapşırıqlarını maksimum dərəcədə özləri həll etməlidirlər. Yalnız müstəsna hallarda ehtiyac yaranarsa, valideyn nəzarəti altında süni intellektdən faydalı məlumat və ya fikir almaq olar. Müəllimlər də tədris prosesində bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Onlar şagirdlərdən tapşırığın həlli yolunu izah etməyi tələb etməlidirlər. Əgər şagird məsələnin həllini sərbəst şəkildə nümayiş etdirə bilirsə, deməli, o, mövzunu mənimsəyib. Yox, əgər cavabı yazsa da, həll yolunu izah etməkdə tərəddüd edirsə, bu artıq ciddi bir problemdən xəbər verir”.
Zeynəb Həsən
17:15 09.09.2026
Oxunuş sayı: 40