Misir və İordaniyadan Britaniyaya DƏSTƏK: İsrail məskənlərinə qarşı addım alqışlandı
Misir və İordaniya Böyük Britaniyanın işğal altındakı Fələstin ərazilərindəki qanunsuz İsrail məskənləri ilə əlaqəli ticarətə məhdudiyyət qoymasını alqışlayıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Misirin Xarici İşlər Nazirliyi Britaniyanın qanunsuz məskənlərlə əlaqəli malların və müəyyən xidmətlərin ticarətinə qadağa qoymaq qərarını beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə sadiqliyi əks etdirən mühüm addım kimi qiymətləndirib.
Misir bildirib ki, bu tədbirlər İordan çayının qərb sahilində, o cümlədən Şərqi Qüdsdə məskənlərin genişləndirilməsi və bölgədə yeni reallıq yaradılması cəhdlərinin qarşısının alınmasına kömək edə bilər. Qahirə digər ölkələri də oxşar tədbirlər görməyə çağırıb.
İordaniya da Britaniyanın qərarını müsbət qiymətləndirib. İordaniyanın xarici işlər naziri Ayman Safadi İsrail hökumətinin iki dövlətli həllə xələl gətirən və beynəlxalq hüququ pozan siyasətinin real nəticələrlə üzləşməli olduğunu bildirib.
Britaniyanın yeni tədbirləri İsrail məskənlərindən malların idxalına qadağa ilə yanaşı, məskənlərin genişləndirilməsinə xidmət edən tikinti, infrastruktur, maliyyələşdirmə və daşınmaz əmlak sahələrində fəaliyyət göstərən şirkət və şəxslərə qarşı tədbirləri də əhatə edir.
Qeyd edək ki, İsrail Britaniyanın bu qərarına cavab olaraq Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlayıb.
16:39 09.09.2026
Oxunuş sayı: 39