KİV: Rusiyanın Qara dəniz donanması üçün Novorossiysk “tələyə” çevrilir
Rusiyanın Qara dəniz donanmasının Ukraynadan uzaqda yerləşən Novorossiysk limanına köçürülməsi artıq əvvəlki qədər təhlükəsiz görünmür.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukraynanın zərbə imkanlarının inkişaf etməsi Tsemes körfəzini də Sevastopol kimi təhlükəli mövqeyə çevirib. Novorossiyskdəki limanda iki rus freqatının – “Admiral Makarov” və “Admiral Essen”in zədələnməsi hərbi bazanın və burada yerləşən gəmilərin zəifliyini üzə çıxarıb.
Jurnalistlərin istinad etdiyi OSINT məlumatlarına əsasən, hər iki freqat Ukraynanın pilotsuz uçuş aparatlarının hücumundan sonra zədələnib. İlkin qiymətləndirmələrə görə, gəmilərin aldığı zərər onların “Kalibr” qanadlı raketlərindən istifadə imkanlarına təsir göstərə bilər.
“BBC” qeyd edir ki, Rusiya Qara dəniz donanmasını qorumaq üçün ya Novorossiyskdə müdafiəni gücləndirməli, ya da Qara və Azov dənizlərində yeni baza axtarmalıdır. Lakin hər iki variant ciddi problemlərlə üzləşir.
Rusiya Qara dənizdə əsasən Sevastopol və Novorossiysk bazalarından istifadə edib. Sevastopolun Ukraynaya yaxınlığı və yüksək dəqiqlikli raketlər, həmçinin pilotsuz qayıqlar qarşısında həssaslığı səbəbindən donanmanın böyük hissəsi Novorossiyskə çəkilib.
Lakin Ukraynanın dron və raket imkanlarının inkişafı nəticəsində Novorossiysk də artıq etibarlı sığınacaq hesab olunmur. Nəşr bildirir ki, limandakı gəmilər hava hücumlarına məruz qala, dənizə çıxan zaman isə pilotsuz qayıqların hücumları ilə üzləşə bilər.
“BBC”nin danışdığı rusiyalı hərbi ekspertin sözlərinə görə, gəmiləri pilotsuz qayıqlardan qorumaq üçün əlavə müdafiə sistemləri yaratmaq mümkündür. Bununla belə, belə tədbirlər gəmiqayırma və təmir müəssisələrinin də təhlükəsizliyini tələb edir. Kerç, Feodosiya və Sevastopol kimi əsas gəmi təmiri mərkəzlərinin də Ukrayna hücumlarına məruz qalması vəziyyəti daha da çətinləşdirir.
Bundan başqa, Türkiyənin boğazları bağlaması Rusiyanın Qara dəniz donanmasının digər dənizlərdəki gəmiqayırma zavodlarından əlavə qüvvələr və gəmilər gətirməsini məhdudlaşdırır.
Nəşrin qənaətinə görə, Rusiyanın Qara dəniz donanmasının hazırkı vəziyyəti əlverişli görünmür. Bununla belə, donanma hələ də tamamilə sıradan çıxarılmayıb və Ukrayna üçün ciddi təhlükə olaraq qalır.
17:13 22.08.2026
Oxunuş sayı: 84