Beynimiz ayrılığı niyə qəbul etməkdə çətinlik çəkir?
Münasibət bitir, amma bəzən insanın qarşı tərəflə əlaqəsi sosial mediada davam edir. Profilə baxmaq, son paylaşımını yoxlamaq, kimləri izlədiyini araşdırmaq, həyatında yeni birinin olub-olmadığını öyrənməyə çalışmaq… Bir çox insan üçün tanış olan bu davranış sadəcə maraqdan ibarət deyil. Psixoloji araşdırmalar göstərir ki, keçmiş partnyoru sosial mediada izləməyin arxasında bir neçə psixoloji mexanizm dayanır.
Bu davranış elmi ədəbiyyatda “ex-partner surveillance” və ya “interpersonal electronic surveillance” kimi ifadələrlə təsvir olunur. Xüsusilə münasibətin bitməsindən sonrakı dövrdə insanın emosional vəziyyəti, bağlanma tərzi və qeyri-müəyyənliyə münasibəti keçmiş partnyoru izləmə davranışına təsir göstərə bilər.
Bağlanma bitmir, sadəcə münasibət bitir
Psixoloq John Bowlby-nin bağlanma nəzəriyyəsinə görə, insanın yaxın münasibətlər qurmasına və həmin insanlarla emosional əlaqəni qorumasına xidmət edən bağlanma sistemi mövcuddur. Münasibət sona çatdıqda isə bu sistem dərhal “sönmür”. İnsan bir müddət keçmiş partnyoru haqqında məlumat əldə etməyə və əlaqənin hansı formada davam etdiyini anlamağa çalışa bilər.
Xüsusilə narahat bağlanma xüsusiyyətləri olan insanlarda bu davranış daha qabarıq görünə bilər. Belə hallarda sosial media “hələ də əlaqəmiz varmı?”, “o məni xatırlayırmı?” kimi suallara cavab axtarma vasitəsinə çevrilir.
Fox və Tokunaga tərəfindən 2015-ci ildə aparılan araşdırma da narahat bağlanma xüsusiyyətləri ilə ayrılıqdan sonra keçmiş partnyoru sosial mediada izləmə arasında əlaqə olduğunu göstərib.
Bir paylaşım ümid yaradır, digəri ağrını artırır
Keçmiş sevgilinin profilinə baxmaq bəzən insanda ani emosional reaksiya yaradır. Onun tək olduğunu görmək rahatlıq, yeni biri ilə şəkil paylaşdığını görmək isə qısqanclıq və kədər yarada bilər. Məhz bu dəyişkən nəticələr insanı profili yenidən yoxlamağa sövq edə bilər.
Bu mexanizm psixologiyada “aralıqlı möhkəmləndirmə” anlayışı ilə izah olunur. Davranış hər dəfə eyni nəticəni vermədikdə insan növbəti dəfə nə ilə qarşılaşacağını öyrənmək üçün həmin davranışı təkrarlaya bilər.
Beləliklə, “bir dəfə də baxım” düşüncəsi zamanla təkrarlanan vərdişə çevrilə bilər.
Əslində cavab axtardığımız sual başqadır
Keçmiş partnyorun profilini izləyərkən insanın beynində çoxsaylı suallar yarana bilər: “Məni unutdu?”, “Mənim yerimə kimi tapdı?”, “Həyatı mənsiz necədir?”, “Hələ də məni düşünürmü?”
Bu sualların bir hissəsi əslində keçmiş sevgili haqqında deyil, insanın özü haqqında olur.
“Mən kifayət qədər yaxşı idimmi?”, “Niyə məni seçmədi?”, “Məndən sonra daha xoşbəxtdirmi?” kimi suallar insanın özünə verdiyi dəyəri keçmiş münasibətin nəticəsi ilə ölçməsinə səbəb ola bilər.
Digər tərəfdən, münasibətin necə və nə üçün bitdiyi tam aydın olmadıqda insan daim yeni məlumat axtarır. Sosial media isə bu məlumatı saniyələr ərzində əldə etməyə imkan verir.
Stalklamaq ağrını azaltmaq əvəzinə uzada bilər
Ayrılıqdan sonra yaranan emosional sıxıntı insanı keçmiş partnyor haqqında daha çox düşünməyə və onunla bağlı məlumat axtarmağa sövq edə bilər. Lakin sosial mediada aktiv şəkildə izləmək bu prosesi hər zaman asanlaşdırmır.
Əksinə, hər yeni baxış keçmiş münasibətlə bağlı düşüncələri yenidən aktivləşdirə, qısqanclıq və kədəri artıra və emosional uzaqlaşmanı çətinləşdirə bilər. Bu səbəbdən insan bir tərəfdən “unutmaq istəyirəm” deyərkən, digər tərəfdən hər gün keçmiş sevgilisinin profilinə baxaraq həmin emosional bağın yenidən aktivləşməsinə şərait yarada bilər.
Bu, zəiflik deyil
Keçmiş sevgilini stalklamaq hər zaman “hələ də sevirəm” demək deyil. Bəzən bunun arxasında bağlanma ehtiyacı, tərk edilmə qorxusu, maraq, qısqanclıq, qeyri-müəyyənliyi aradan qaldırmaq istəyi və ya insanın öz dəyərini münasibətin nəticəsi ilə ölçməsi dayanır.
Sosial media isə bütün bunları daha da asanlaşdırır: əvvəllər haqqında məlumat əldə etmək üçün həftələr, aylar və ya heç olmasa ortaq tanışlar lazım idisə, indi bir neçə toxunuş kifayətdir.
Bu səbəbdən keçmiş sevgilinin profilinə hər gün baxmaq sadəcə “maraq” kimi görünə bilər. Amma bəzən həmin bir neçə saniyəlik baxış insanı keçmişdən uzaqlaşdırmaq əvəzinə yenidən həmin münasibətin içinə qaytarır.
Zeynəb Xəlilli
20:30 07.10.2026
Oxunuş sayı: 59