“Nvidia”nın rəhbəri 20 il əvvəl təhdid və seksual davranışlarda ittiham olunub
“Nvidia” şirkətinin rəhbəri Censen Huanq 20 il əvvəl keçmiş əməkdaşları tərəfindən təhdid və qeyri-etik seksual davranışlarda ittiham olunub.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” nəşrinin yaydığı məlumata görə, şirkətin keçmiş əməkdaşları 2004 və 2006-cı illərdə baş vermiş hadisələrlə bağlı məhkəmə materiallarında Huanqı işçiləri qorxutmaqda, fiziki zorakılıqla hədələməkdə və nalayiq davranışlarda ittiham ediblər.
İddiaçılardan biri, “Nvidia”nın ilk ştatlı hüquqşünası Stiven Pettigru bildirib ki, Huanq əməkdaşlarına qışqırır, onlara ağır bədən xəsarətləri yetirməklə hədələyir və omba hərəkətləri ilə seksual xarakterli jestlər edirmiş. Pettigru bu davranışlardan narahatlığını bildirdikdən sonra işdən çıxarıldığını iddia edib.
O, şirkətdən 2,6 milyon dollardan çox təzminat tələb edib. “Nvidia” isə ittihamları rədd edərək hüquqşünasın işdən çıxarılmasının səbəbini onun qeyri-qənaətbəxş iş nəticələri ilə izah edib. Tərəflər 2009-cu ildə məxfi razılaşma əldə ediblər.
Şirkətin digər keçmiş yüksək vəzifəli əməkdaşı Maykl Uinston da Huanqın işçilərlə sərt rəftarına, o cümlədən seksual xarakterli hesab etdiyi davranışlarına etiraz etdikdən sonra işdən çıxarıldığını iddia edib.
“The New York Times” nəşrinin məlumatına görə, “Nvidia” bu mübahisənin həlli çərçivəsində Uinstona 1 milyon dollardan çox vəsait ödəyib. Tərəflər arasında əldə olunan razılaşmanın detalları isə açıqlanmayıb.
21:00 21.11.2026
Oxunuş sayı: 57