ÜST İrkutskdakı ölümə aydınlıq istəyir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyadan İrkutskdakı taun əleyhinə institutun əməkdaşının ölüm səbəbi və digər əməkdaşın xəstələnməsi ilə bağlı əlavə məlumat tələb edib.
Crossmedia.az xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Rusiya rəsmiləri ÜST-nin sorğusuna cavab olaraq İrkutskda heç bir taun hadisəsinin qeydə alınmadığını bildiriblər. Həmçinin laboratoriya əməkdaşı Dariya Şipilova ilə təmasda olan şəxslərin müəyyənləşdirilərək karantinə alındığı qeyd olunub.
Bununla yanaşı, ÜST əməkdaşın ölümünə səbəb olduğu bildirilən “ağır pnevmoniya”nın dəqiq səbəbini aydınlaşdırmaq istəyir.
Təşkilat həmçinin KİV-də “mənşəyi müəyyən edilməyən pnevmoniya” diaqnozu ilə daha bir əməkdaşın xəstələnməsi barədə yayılan məlumatlarla maraqlanır.
20:18 07.10.2026
Oxunuş sayı: 50