Lerikdə iki qəza: üç nəfər ağır xəsarət alıb
Lerikdə baş verən iki yol qəzasında üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Crossmedia.az xəbər verir ki, qəzalardan biri Lerik-Zuvand yolunun Blabənd kəndi ərazisində baş verib. Sadiq Novruzovun idarə etdiyi “VAZ-2121 Niva” markalı avtomobil “UAZ” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə “Niva”da olan üç nəfər xəsarət alıb. Onlardan 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi müdaxilədən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki şəxsin xəsarətləri yüngül olub.
Digər qəza Lənkəran-Lerik magistralının 39-cu kilometrində qeydə alınıb. Lerik rayonunun Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və sərnişin, onun həmkəndlisi 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.
20:19 07.10.2026
Oxunuş sayı: 96