Ərdoğan müxalifətlə bağlı gözləntilərini açıqladı
Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan yeni qanunvericilik ilində siyasi partiyalar arasında dialoq və uzlaşmanın davam etdirilməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Ərdoğan AK Partinin qurultay mərkəzində keçirilən millət vəkilləri ilə Qanunvericilik İlinin Açılış Toplantısında çıxış edib. O, Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının 5-ci qanunvericilik ilinin ölkə, xalq, partiya və demokratiya üçün xeyirli olmasını arzulayıb.
Türkiyə lideri yeni qanunvericilik ilində parlamentdə təmsil olunan bütün siyasi partiyalara və deputatlara uğurlar arzulayıb. O, əvvəlki qanunvericilik ilinin siyasi tarixdə görünməmiş razılaşma nümunəsi ilə başa çatdığını və çərçivə qanununa 467 deputatın dəstək verdiyini xatırladıb.
Ərdoğan ölkədə müxtəlif təbəqələr arasında məsafələrin aradan qaldırılmasına və daha geniş ictimai həmrəyliyin formalaşmasına ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, siyasi rəqabətlə yanaşı, razılaşma mədəniyyətinin qorunması Türkiyə siyasətində yeni yanaşmanın mümkün olduğunu göstərməlidir.
Prezident müxalifətin fəaliyyətinin də demokratiyanın işləməsi baxımından mühüm olduğunu qeyd edib. O, müxalifətin konstruktiv mövqe nümayiş etdirməsinin, zəruri hallarda fikir ayrılıqlarını kənara qoyaraq ümumi məqsədlər ətrafında birləşməsinin vacibliyini bildirib.
Ərdoğan “Terrorsuz Türkiyə” prosesi başda olmaqla, xalqın mənafeyinə xidmət edən məsələlərdə dialoq və uzlaşma axtarışından bundan sonra da çəkinməyəcəklərini deyib.
Türkiyə lideri yeni qanunvericilik ilində müxalifətdən daha məsuliyyətli üslub gözlədiyini bildirib. O, komissiyalarda və parlamentin plenar iclaslarında konstruktiv dilin qorunacağını, sağlam düşüncə və uzlaşma mədəniyyətindən imtina edilməyəcəyini vurğulayıb.
01:35 08.10.2026
Oxunuş sayı: 59