Gələcəyin gücü uğrunda savaş: ABŞ və Çin üz-üzə
ABŞ hələ də süni intellekt (Sİ) sahəsində liderliyini qoruyur, lakin Çinlə arasındakı fərq rekord həddə qədər azalıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, ən güclü süni intellekt modellərinin keyfiyyətində ABŞ və Çin arasındakı fərq hazırda təxminən 2,7 faiz təşkil edir.
ABŞ-nin üstünlüyü qabaqcıl çiplər, böyük həcmli özəl investisiyalar və güclü mütəxəssislər hesabına qorunur. Çin isə daha ucuz və səmərəli modellər hazırlayaraq, öz prosessorlarını inkişaf etdirərək və süni intellekti sənayedə geniş tətbiq etməklə rəqabət aparır.
Bildirilir ki, hazırda dünyada istehsal olunan yeni sənaye robotlarının 54 faizi Çinin payına düşür.
Eyni zamanda, Çin süni intellekt sahəsində elmi nəşrlərin və patentlərin sayına görə ABŞ-ni qabaqlayır. “Bloomberg” hesab edir ki, bu yarışın nəticəsini kimin daha ağıllı neyron şəbəkə yaradacağı deyil, süni intellekti iqtisadiyyatın bütün sahələrinə kimin daha sürətli tətbiq edəcəyi müəyyən edəcək.
19:41 20.08.2026
Oxunuş sayı: 56