Cəmi 10 dəqiqəlik yavaş qaçış beyinə necə təsir edir?
Cəmi 10 dəqiqə çox yavaş tempdə qaçmaq əhval-ruhiyyəni yaxşılaşdıra və beynin diqqəti cəmləşdirmək qabiliyyətini müvəqqəti olaraq artıra bilər.
Crossmedia.az xəbər verir ki, Yaponiyanın Tsukuba Universitetinin neyrobioloqları bu qənaətə gəlib. Tədqiqatın nəticələri “Imaging Neuroscience” jurnalında dərc olunub.
Alimlər hesab edirlər ki, beyinə müsbət təsir göstərmək üçün yüksək intensivlikdə qaçmağa ehtiyac yoxdur. Bu təsirin təkcə aerob fiziki yüklənmə ilə deyil, qaçış zamanı bədənin ritmik şaquli hərəkətləri ilə də əlaqəli ola biləcəyi ehtimal edilir.
Araşdırmada 24 sağlam gənc iştirak edib. İştirakçılar müxtəlif günlərdə ya qaçış trenajorunda 10 dəqiqə sakit oturub, ya da çox aşağı intensivliklə 10 dəqiqə qaçıblar.
Qaçış sürəti fərdi olaraq müəyyənləşdirilib. Orta göstərici kişilər üçün saatda 5,5 kilometr, qadınlar üçün isə 3,8 kilometr olub. Bu sürət insanların əksəriyyətinin piyada gedə biləcəyi tempə yaxın olsa da, iştirakçılar qısa addımlarla qaçış hərəkətini qoruyublar.
İştirakçılar fiziki fəaliyyətdən əvvəl və sonra əhval-ruhiyyələrini qiymətləndirib və diqqəti cəmləşdirmək, avtomatik reaksiyaları idarə etmək qabiliyyətini ölçən Stroop testindən keçiblər. Eyni zamanda alimlər diqqət, davranış və emosiyaların idarə olunmasında rol oynayan prefrontal korteksin fəaliyyətini ölçüblər.
Nəticələr göstərib ki, yavaş qaçışdan sonra iştirakçılar özlərini daha enerjili hiss edib və əhval-ruhiyyələrinin yaxşılaşdığını bildiriblər. Onlar diqqət tələb edən tapşırıqları da daha sürətli yerinə yetiriblər.
Beynin görüntülənməsi zamanı sol prefrontal korteksin bəzi hissələrində aktivliyin artdığı müəyyən edilib.
Alimlərin fikrincə, əhval-ruhiyyənin yaxşılaşması qaçış zamanı bədənin şaquli hərəkətlərinin səviyyəsi ilə əlaqəli olub. Bu isə qaçışa xas ritmik hərəkətlərin müsbət təsirin yaranmasında müəyyən rol oynaya biləcəyini göstərir.
Bununla belə, tədqiqatın məhdudiyyətləri də var. Araşdırmada yalnız sağlam gənclər iştirak edib. Buna görə nəticələri yaşlı insanlara və xroniki xəstəlikləri olan şəxslərə avtomatik şəkildə şamil etmək olmaz.
Bundan əlavə, alimlər yavaş qaçışı piyada yerimə ilə deyil, istirahət vəziyyəti ilə müqayisə ediblər.
Tədqiqatın nəticələri göstərir ki, beyin və əhval-ruhiyyə baxımından müəyyən müsbət təsir çox aşağı intensivlikli fiziki fəaliyyət zamanı belə ortaya çıxa bilər. Bunun üçün mütləq intensiv məşq etmək tələb olunmaya bilər.
01:34 05.10.2026
Oxunuş sayı: 42