Ermənistan gələcək siyasətini açıqladı: Bakı ilə sülh, Ankara ilə sərhəd
Ermənistan hökuməti 2026-2031-ci illər üçün yeni proqramında Azərbaycanla rəsmi sülhün təsis edilməsini, Türkiyə ilə münasibətlərin normallaşdırılmasını, Aİ və ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsini, Rusiya ilə isə qarşılıqlı faydalı əməkdaşlığın yenidən qurulmasını nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın təqdim etdiyi yeni proqramına istinadən məlumat yayıb.
Proqrama əsasən, Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası, sülh sazişi və digər hüquqi sənədlərin imzalanması, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Hökumət Türkiyə ilə diplomatik münasibətlər qurmağı, sərhədin ən azı iki müasir keçid məntəqəsi vasitəsilə açılmasını və enerji infrastrukturunun yenidən aktivləşdirilməsini də planlaşdırır.
Sənəddə İranla strateji münasibətlərin dərinləşdirilməsi, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin inkişafı nəzərdə tutulur. Gürcüstanla strateji tərəfdaşlıq, Aİ və ABŞ ilə əlaqələrin daha da genişləndirilməsi də əsas prioritetlər sırasındadır.
Proqramda Rusiya ilə regionda yaranan yeni sülh şəraitində müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın yenidən təşkili və dərinləşdirilməsindən bəhs edilir. Ermənistan həmçinin Çinlə strateji tərəfdaşlığı gücləndirməyi, Hindistan və Yaxın Şərq ölkələri ilə əlaqələri inkişaf etdirməyi planlaşdırır.
Sənəddə Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq missiyalar istisna olmaqla, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda istifadə olunmayacağı qeyd edilir. Peşəkar orduya keçid, ehtiyat qüvvələrin gücləndirilməsi və sərhəd mühafizəsinin mərhələli şəkildə sərhəd qoşunlarına verilməsi də nəzərdə tutulur.
Proqramın diqqətçəkən hissələrindən biri “Mənəvi təhlükəsizlik” bölməsidir. Burada xarici qüvvələrin Erməni Apostol Kilsəsini hibrid müharibə alətinə çevirmək cəhdlərinin qarşısının alınması, kilsədə islahatların aparılması və katolikos II Qareginin vəzifədən kənarlaşdırılması məsələsindən bəhs olunur.
14:25 20.08.2026
Oxunuş sayı: 58