CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: körpə yuxusu körpənin arxası üstə yatması

11:07 06.10.2026

Yuxu zamanı edilən bu səhvlər ölüm riskini artırır - Körpəsi olanlara XƏBƏRDARLIQ

67

ABŞ-da 2024-cü ildə təxminən 3 400 körpə qəfil və gözlənilməz ölüm nəticəsində həyatını itirib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesabatına görə, 2020–2024-cü illərdə araşdırılan belə ölümlərin təxminən 73 faizində təhlükəli yuxu şəraiti ilə bağlı amillər müəyyən edilib. Crossmedia.az xəbər verir ki, CDC hesabatında 31 ştat və ərazidə qeydə alınmış 4 861 qəfil və gözlənilməz körpə ölümü təhlil edilib. Halların 78 faizində yumşaq yataq dəstləri, 75 faizində isə beşik və ya körpə səbətindən fərqli yuxu səthi müəyyən olunub. Ölüm hallarının 59 faizində körpənin yuxu səthini başqa şəxslə və ya heyvanla paylaşdığı, 46 faizində isə körpənin arxası üstə deyil, üzü və ya böyrü üstə yatdığı müəyyənləşdirilib. Bu amillərdən bir neçəsi eyni körpədə müşahidə oluna bilər. Mütəxəssislər körpələrin hər yuxuda, o cümlədən gündüz mürgüləyərkən arxası üstə yatırılmasını tövsiyə edirlər. Körpənin yatdığı səth möhkəm, düz və xüsusi olaraq körpələrin yuxusu üçün nəzərdə tutulmuş beşik və ya səbət olmalıdır. Mütəxəssislərin fikrincə, körpənin yatağında yastıq, yorğan, yumşaq oyuncaq və digər yumşaq əşyalar olmamalıdır. Valideynlərin körpə ilə eyni otaqda, lakin ayrı yuxu səthində yatması tövsiyə edilir. Hesabatda təhlükəsiz yuxu qaydalarına əməl edilməsinin xüsusilə vacib olduğu vurğulanır. Körpənin böyüklərlə eyni yataqda yatması boğulma və sıxılma riskini artıra bilər. Divan və kreslolar isə körpələr üçün daha təhlükəli yuxu səthləri hesab olunur. CDC-nin məlumatına görə, təhlükəli yuxu amilləri ilə əlaqəli boğulma nəticəsində baş verən 919 ölüm hadisəsinin 74 faizində tənəffüs yolunun yumşaq yataq dəsti tərəfindən tutulması müəyyən edilib. Mütəxəssislər həmçinin hamiləlik dövründə siqaret və nikotindən uzaq durmağı, körpəni doğuşdan sonra passiv tüstüdən qorumağı, həkim nəzarətindən keçməyi və tövsiyə olunan peyvəndləri vaxtında etdirməyi məsləhət görürlər. Onların sözlərinə görə, körpə avtomobil oturacağı, uşaq arabası və ya daşıyıcıda yuxuya gedərsə, mümkün qədər tez onun üçün nəzərdə tutulmuş möhkəm və düz yuxu səthinə keçirilməsi daha təhlükəsizdir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR