Prezidentin gündəliyi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.

Crossmedia.az xəbər verir ki, Rusiya Hökumətinin Sədrini salamlayan Prezident İlham Əliyev dedi:

- Sizi görməyimə şadam. Vaxt tapıb gəldiyiniz üçün sağ olun. Çox şadam ki, Rusiya bu konfransda yüksək səviyyədə təmsil olunub. Əminəm ki, Sizin müzakirələrdə şəxsən iştirakınız ona xüsusi əhəmiyyət verəcək.

Həmçinin konfransın Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ərəfəsində və COP29-a hazırlıq prosesində Azərbaycana göstərilən dəstəyə görə Rusiya Federasiyasına minnətdarlığımı bildirmək istərdim. Bizim üçün bu, təbii ki, müstəsna hadisədir. Azərbaycanda heç vaxt belə miqyasda tədbirlər keçirilməyib. Biz şadıq ki, dost ölkələr bu tədbirdə fəal iştirak edir və yüksək səviyyədə təmsil olunurlar.

Əlbəttə, həmişə olduğu kimi, ikitərəfli gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Son vaxtlar Vladimir Vladimiroviç ilə tez-tez görüşürük, amma bununla belə, münasibətlərimizin gündəliyi o qədər genişdir ki, sanki görülən bütün işləri mütəmadi olaraq yoxlamağa və gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac var.

Beləliklə, bir daha xoş gəlmisiniz.

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin dedi:

- Hörmətli İlham Heydər oğlu, sağ olun.

Bütün tədbirlərin, xüsusən belə genişmiqyaslı, yəqin ki, Birləşmiş Millətlər Təşkilatının iqlim məsələlərinə həsr olunmuş ən böyük konfransının təşkilinə görə Sizə təşəkkür etmək istəyirəm. Burada hamı ən yüksək təşkilatçılıq səviyyəsini qeyd edir.

Həmçinin bildirmək istəyirəm ki, Vladimir Vladimiroviç Putin mənim uçuşumdan əvvəl şəxsən Sizə çoxlu, ən səmimi arzularını çatdırdı və xahiş etdi ki, hazırkı tədbirin uğurla keçməsi münasibətilə Sizi təbrik edim. Artıq hamı bunu qeyd edir.

Ümumiyyətlə, belə bir konfrans ilk dəfədir Cənubi Qafqazda keçirilir və bu, bildiyimə görə, gündəliyin təşkili üçün çox iş görmüş Azərbaycanın müstəsna rolunu vurğulayır. Gündəlik mürəkkəbdir. Hər kəs müzakirələrin yüksək səviyyəsini, həmçinin hazırkı konfransın tarazlaşdırılmış, o cümlədən nəticələr verən sənədini qeyd edir.

İkitərəfli gündəliyimizə gəldikdə, Siz bu barədə danışdınız. Birgə əmtəə dövriyyəsi artır. Biz ikitərəfli gündəliyimizin bütün istiqamətləri üzrə əməkdaşlıq edirik. Bunlar həm sənaye, energetika, həm kənd təsərrüfatı, həm də mədəni-humanitar, rəqəmsallaşma sahələridir. Biz Əli Hidayət oğlu ilə - hökumətdəki həmkarlarımızla bu gün bütün gündəlik üzrə iş apardıq.

Qonaqpərvərliyə görə Sizə bir daha çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Mənim də ən xoş arzularımı və salamlarımı Vladimir Vladimiroviçə çatdırın.

Mixail Mişustin: Sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il