Gündəm

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Ağıllı Kəndlər üzrə Nazirlər Sessiyasında mühüm qərar qəbul edilib. Sessiyada “İqlimə Davamlı Ağıllı Kəndlər Forumu”nun təsis edilməsi ilə bağlı müqavilə imzalanıb. Forumun yaradılmasında əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində türk regionlarında kənd təsərrüfatı icmalarının davamlılığını artırmaq, iqlim uyğunlaşmasına töhfə vermək və regionda qabaqcıl texnologiyaların tətbiqini təşviq etməkdir. Sessiyada "ağıllı kənd" təşəbbüsləri, davamlı kənd təsərrüfatı layihələri və kənd yerlərində Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması məsələləri geniş müzakirə olunub. Həmçinin, sübuta əsaslanan strategiyaların işlənib hazırlanması və yeni texnologiyaların tətbiq yolları barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a verdiyi açıqlamada COP29-un Azərbaycanda keçirilməsini ölkə üçün böyük bir nailiyyət kimi dəyərləndirib:
“Azərbaycanın belə bir mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi qürurvericidir. Bu, ölkəmizin beynəlxalq səviyyədəki nüfuzunun və təşkilati bacarığının göstəricisidir. Xüsusilə gənclərin tədbirdə könüllü kimi fəaliyyəti və təşkilatçılıq qabiliyyətləri qonaqlar tərəfindən yüksək qiymətləndirildi”.

Tənzilə Rüstəmxanlı, həmçinin vurğulayıb ki, tədbir yalnız Azərbaycanın deyil, Türk Dövlətləri Təşkilatının da güclənməsinə mühüm töhfə verib. COP29 çərçivəsində müzakirə olunan məsələlər, xüsusilə də "Ağıllı Kəndlər Forumu"nun təsis edilməsi, regionda davamlı inkişafın təmin edilməsinə xidmət edəcək.

COP29 tədbiri çərçivəsində qəbul edilən qərarlar Azərbaycanın qlobal məsələlərdə liderlik mövqeyini bir daha təsdiqlədi. Tədbirin yüksək səviyyədə təşkil olunması və yeni standartların müəyyənləşdirilməsi Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində nümunəvi ölkə kimi qəbul edilməsini göstərir.

Forumda bağlanan müqavilələr, tərəfdaşlıqların genişləndirilməsi və Türk Dövlətləri Təşkilatının birgə əməkdaşlıq təşəbbüsləri regionda uzunmüddətli davamlılıq və iqtisadi inkişaf üçün möhkəm zəmin yaradır.
Azərbaycanın beynəlxalq platformada əldə etdiyi bu uğur, həm ölkənin nüfuzunun artmasına, həm də Türk dünyasında əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəkdir.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il