Gündəm

Cənubi Qafqaz, zəngin təbii sərvətləri və strateji coğrafi mövqeyi ilə tarix boyu müxtəlif güclərin maraq dairəsində olub. Regionun enerji resurslarına çıxış, nəqliyyat dəhlizləri və geosiyasi balansı təmin etmək baxımından onun əhəmiyyəti, burada həmin maraqların toqquşmasını qaçınılmaz edir. Bu səbəbdən Cənubi Qafqaz daim həm yerli, həm də qlobal güclərin siyasi və iqtisadi rəqabət meydanına çevrilib.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az- a açıqlaması zamanı bildirib ki, “Cənubi Qafqazda əsas güc sahibi kimdir?” sualına cavab vermək olduqca çətindir. Onun sözlərinə görə, bölgədə marağı olan bir sıra güclər var:

“Son 200 ildən çoxdur ki, bu bölgədə dominantlıq edən əsas qüvvə Rusiya olub. 1990-cı illərdə Qafqaz ölkələrinin müstəqillik qazanması ilə Rusiyanın təsir dairəsi müəyyən qədər zəifləsə də, hələ də Cənubi Qafqazda əhəmiyyətli nüfuzunu qoruyub saxlayır. Ermənistan ərazisində hərbi bazasının mövcudluğu və Gürcüstanın işğal olunmuş iki ərazisinin faktiki olaraq Rusiyanın nəzarətində olması, bunun göstəricisidir. Azərbaycanda da Rusiya ilə yaxın əlaqələr mövcuddur və nəticə etibarilə Rusiya bölgədə əsas güc mərkəzlərindən biri olaraq qalmaqda davam edir”.

Politoloq vurğulayıb ki, son 30 ildə İran da bölgədə təsirini artırmağa çalışır. İran müxtəlif vasitələrlə təsir dairəsini genişləndirməklə yanaşı, həmçinin Ermənistanla sıx əlaqələr qurur. Hər iki ölkə arasındakı münasibətlər 30 ildən çoxdur ki, yüksələn xətlə inkişaf edir. Azərbaycanın işğal olunmuş ərazilərinin uzun illər azad edilməməsində isə hər iki ölkənin ortaq mövqeyi mühüm rol oynamış və bu mövqe bu gün də davam edir.:

“Gürcüstanla İran arasında da münasibətlər aramlı şəkildə inkişaf edib. Son on ildə hər iki ölkənin ticarət dövriyyəsində də müəyyən artım müşahidə olunur. Təəssüf ki, İran dini emissarları Borçalıda Azərbaycan türkləri arasında təsir imkanlarını genişləndirməyə çalışıb. Gürcüstan hakimiyyətinin isə bu prosesə kifayət qədər reaksiya verməməsi İranın təsirini daha da yüksəldib”.

“İran-Azərbaycan münasibətlərinə gəldikdə isə, bu əlaqələr ziqzaq şəklindədir. İran, Azərbaycanın müstəqil dövlət kimi güclənməsində maraqlı deyil və hər vasitə ilə ölkəmizə qarşı mövqe tutur. Buna baxmayaraq, tərəflər arasında bəzən ortaq layihələr də reallaşıb. Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi, Xudafərin və Qız Qalası hidroqovşaqlarının tikintisi və Araz çayı boyunca kommunikasiya xətlərinin çəkilməsi də bu əməkdaşlığa nümunə ola bilər. Lakin siyasi baxımdan ciddi fikir ayrılıqları hələ də qalmaqda davam edir”.

O.Qasımov bölgədə üçüncü böyük gücün Türkiyə olduğunu qeyd edib:

“Türkiyənin Cənubi Qafqazdakı rolu son 30 ildə, xüsusilə son 10 ildə əhəmiyyətli dərəcədə artıb.Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik əlaqələri də yüksək səviyyədə inkişaf edir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi birmənalı siyasi və mənəvi dəstək bu münasibətlərin möhkəmliyini bütün dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsinin imzalanması isə iki ölkə arasındakı əməkdaşlığın daha da güclənməsinə səbəb oldu. Türkiyə, eyni zamanda, Gürcüstanla yaxşı münasibətlər qurmaqlı yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan formatında müntəzəm müzakirələr və hərbi təlimlər də həyata keçirib”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, regiona kənar güclərin də kifayət qədər təsiri var. Qərbin Cənubi Qafqazla münasibətləri son 30 ildə əhəmiyyətli dərəcədə inkişaf edib. Qafqaz ölkələrinin hər üçü Qərblə müxtəlif səviyyələrdə əməkdaşlıq edir. Azərbaycanın ticarət dövriyyəsinin əhəmiyyətli bir hissəsi isə Qərblə bağlıdır. ABŞ enerji sektorunda fəal iştirak etməklə yanaşı, Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıq edib. Gürcüstan və Ermənistan da Qərblə əlaqələrini gücləndirib.

Son olaraq onu da bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Rusiyanın təsir imkanları müəyyən qədər zəifləsə də, Rusiya bölgədəki fəallığını artırmağa çalışır və Cənubi Qafqazda mövqelərindən geri çəkilmək niyyətində deyil. Son illərdə Qərb də bölgədə təsirini artırmağa çalışır, xüsusilə Ermənistan vasitəsilə regionda möhkəmlənmək istəyir. Bu isə bölgədə əlavə gərginliklərin yaranmasına səbəb olur.

Aytac Bəhruzqızı 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il