Gündəm

“Unicef Azerbaijan”n “Uşaqlar idarəetmədə” (“Kids Takeover”) layihəsi çərçivəsində məktəbli Əsma Mənsurzadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə birgünlük rəhbərlik edib. O, hüquqları ilə bağlı qərarların necə qəbul edildiyinin şahidi olub və bu sahədə öz fikirlərini formalaşdıraraq, təkliflər irəli sürmək imkanı əldə edib.

Bu barədə Crossmedia.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadla məlumat verib.

Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, noyabrın 20-si bütün dünyada, həmçinin Azərbaycanda uşaq hüquqları günü kimi qeyd olunur: “Məqsəd uşaqların hüquqlarının qorunmasını təmin etmək, onların sağlam, təhlükəsiz və bərabər şəraitdə yaşamaq, təhsil almaq və inkişaf etmək hüquqlarını bir daha vurğulamaqdır.

Bu gün biz cəmiyyətin diqqətini uşaqların üzləşdiyi problemlərə, konfliktlər, iqlim dəyişiklikləri və digər səbəblərdən meydana çıxan zorakılıq, ayrı-seçkilik, yoxsulluq və təhsildən məhrum olma kimi məsələlərə yönəldir və onları həll etməyə çağırırıq.

Bu, bizim üçün uşaqların rifahını yaxşılaşdırmağa yönələn qlobal həmrəyliyi və iş birliyini gücləndirən əlamətdar bir tarix, onların öz tükənməz enerjisi, yaradıcılığı və qətiyyətləri ilə harmonik bir dünyanın qurucuları və insanlığın sabahı olduqlarını vurğuladığımız gündür.

Gəlin hamılıqla Gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək!".

Əsma Mənsurzadə isə deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rolunu birgünlük əvəz etmək unudulmaz və gözəl xatirə, həm də maraqlı təcrübə oldu: “Bu təcrübə mənə komitənin fəaliyyətini anlamaqla yanaşı, uşaqların hüquqlarını qorumağın cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha göstərdi və məni gələcəkdə uşaqların səsi olmağa, onların hüquqlarını qorumağa daha da ruhlandırdı”.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il