Gündəm

ABŞ Konqresmeni Frank Pallonenin Azərbaycana səfəri, Azərbaycan xalqının kəskin reaksiyası ilə nəticələnib. Diplomatın Bakıdakı qısa ziyarəti zamanı, yerli QHT-lər və ictimai fəalların sərt etirazları ilə üzləşməsi səfərin yarımçıq kəsilməsinə səbəb olub. Pallonenin fəaliyyətləri ilə əlaqədar yaranan narazılıq onu COP29 çərçivəsində də ciddi tənqid hədəfinə çevirib.

Hilal Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimovun Crossmedia.az-a verdiyi açıqlamaya görə, Frank Pallone uzun müddətdir ki, Azərbaycana qarşı ermənipərəst mövqe sərgiləyir və bu, ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Pallone, Azərbaycan əraziləri işğal altında olarkən həmin ərazilərə qanunsuz səfərlər təşkil edib, bu da onun Azərbaycanın suverenliyini pozduğunu göstərir. Abdulkərimov qeyd edib ki, Pallonenin hərəkətləri cinayət xarakteri daşıya bilər və Azərbaycan bu məsələ ilə bağlı hüquqi addımlar atmağa haqq qazanır.
Arzuman Abdulkərimov: Qarşımızda duran əsas vəzifə işğaldan azad olunmuş  torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir

Pallonenin COP29 çərçivəsində Bakıya səfəri zamanı, vətəndaş cəmiyyəti nümayəndələri onun davranışlarına etirazlarını açıq şəkildə ifadə etdilər. Aksiya dinc şəraitdə baş tutsa da, Pallonenin mühafizəçiləri etirazçılara qarşı kobud davranışlar sərgilədi və bəzi hallarda hətta fiziki təzyiq göstərildi. Bu davranış, Azərbaycan ictimaiyyəti və fəallar tərəfindən qətiyyətlə pisləndi və bu məsələ ilə bağlı hüquqi addımların atılması tələbi ilə çıxışlar edildi.

Abdulkərimov bildirib ki, xarici rəsmi şəxslərin Azərbaycanın qanunlarına və suverenliyinə hörmətsizlik göstərməsi yolverilməzdir. Bu, Pallonenin beynəlxalq platformalarda da dəfələrlə göstərdiyi mövqeyin təzahürüdür. Azərbaycan ictimaiyyəti və vətəndaş cəmiyyəti bu cür qanun pozuntularına qarşı sərt addımlar atmaqda qərarlıdır və hər zaman qanun çərçivəsində fəaliyyət göstərəcəkdir.

Azərbaycan Konstitusiyasına uyğun olaraq, vətəndaşların sərbəst şəkildə etiraz etməsi hüququ vardır və bu aksiya tamamilə qanuni çərçivədə keçdi. Ancaq, etirazçılara qarşı nümayiş etdirilən kobudluq və qanun pozuntuları qınanır və bu məsələdə hüquqi yollarla ədalətin təmin olunması tələb edilir.

Bu hadisə, Azərbaycanın suverenliyinə hörmətsizlik edən hər kəsə ciddi xəbərdarlıq mesajı verdi. Pallonenin Azərbaycandan gözlənilmədən və gecə vaxtı ölkəni tərk etməsi, Azərbaycan ictimaiyyətinin etirazlarının nə dərəcədə güclü olduğunu göstərdi. Vətəndaş cəmiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatları gələcəkdə də bu cür hallara qarşı mübarizədə ön sırada olacaqlar və qanunların icrasını tələb edəcəklər.

Nihat Tahirov 
 
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il