Aral dənizinin quruması atmosferə yüz milyonlarla ton karbon buraxıb
Aral dənizinin quruması yalnız ekoloji fəlakətə səbəb olmayıb, həm də onilliklər ərzində dənizin dibində toplanmış böyük miqdarda karbonun atmosferə buraxılmasına yol açıb.
Crossmedia.az xəbər verir ki, tədqiqatçıların hesablamalarına görə, 1960-cı illərdən etibarən Aral dənizinin qurumuş dibindən atmosferə təxminən 748 milyon ton karbon qazı daxil ola bilər.
Məlumata görə, Aral dənizi uzun illər ərzində təbii karbon anbarı rolunu oynayıb. Suda yaşayan bitki və orqanizmlərin ölməsindən sonra yaranan üzvi maddələr dənizin dibinə çökərək burada toplanıb və karbon uzun müddət ərzində çöküntülərdə saxlanılıb.
Lakin su hövzəsinin genişmiqyaslı qurumasından sonra bu proses dəyişib. Suyun çəkilməsi ilə əvvəllər dənizin dibində olan çöküntülər səthə çıxaraq hava ilə təmas etməyə başlayıb. Nəticədə onların tərkibindəki karbon tədricən atmosferə qayıdıb.
Araşdırma Aral dənizinin qurumasının yalnız su ehtiyatlarının və ekosistemin itirilməsi ilə məhdudlaşmadığını, həm də iqlim dəyişmələrinə təsir göstərə biləcək əlavə karbon emissiyalarına səbəb olduğunu göstərir.
21:11 16.08.2026
Oxunuş sayı: 47