Adıgeydə hərbi aerodroma zərbə: iki rus qırıcısı vuruldu
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Adıgey Respublikasındakı “Xanskaya” hərbi aerodromuna PUA hücumu zamanı iki qırıcı təyyarənin və sursat anbarının vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SBU bu barədə rəsmi açıqlama yayıb.
Məlumata görə, SBU-nun “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin PUA-ları aerodromda Su-35 çoxməqsədli qırıcısını və Su-34 qırıcı-bombardmançı təyyarəsini hədəfə alıb. SBU təyyarələrin müvafiq olaraq təxminən 100 milyon və 50 milyon dollar dəyərində olduğunu bildirib.
Açıqlamaya görə, hücumun hədəfi Ukraynadan təxminən 500 kilometr məsafədə yerləşən “Xanskaya” aerodromu olub. Ərazidəki sursat anbarının da vurulduğu qeyd edilib.
SBU bildirib ki, zədələnən hər iki təyyarə idarəolunan aviasiya bombalarının daşıyıcısıdır. Xidmət bu tip təyyarələrin Ukraynanın cəbhə xəttinə və şəhərlərinə zərbələrdə istifadə edildiyini qeyd edib.
21:46 04.10.2026
Oxunuş sayı: 39