Yer və Marsın sirri açıldı: oxşar planetlər fərqli yolla yaranıb
Yer və Mars kimyəvi tərkib baxımından bir-birinə yaxın olsalar da, alimlərin yeni araşdırmasına görə, bu iki planet tamamilə fərqli yollarla formalaşıb.
Crossmedia.az xəbər verir ki, “Nature Astronomy” jurnalında dərc olunan elmi məqalədə planetlərin yaranma prosesi ilə bağlı yeni nəticələr təqdim edilib.
Araşdırmaya əsasən, Yerin kütləsinin təxminən dörddə üçü əvvəlcə bir-biri ilə toqquşaraq birləşən iki böyük protoplanetdən formalaşıb. Həmin protoplanetlər isə daha kiçik, bir-birinə yapışan süxur parçalarından yaranıb. Yerin qalan dörddə bir hissəsinin isə asteroid ölçüsündə cisimlərin birləşməsi nəticəsində formalaşdığı ehtimal edilir.
Marsın formalaşma prosesi isə fərqli olub. Alimlərin hesablamalarına görə, planetin kütləsinin təxminən 75 faizi asteroid ölçüsündə olan cisimlərin hesabına yaranıb, yalnız dörddə bir hissəsi daha kiçik hissəciklərdən təşkil olunub.
Tədqiqatın nəticələri Günəş sistemində planetlərin yaranması ilə bağlı mövcud təsəvvürlərə yeni baxış gətirir. Yer və Marsın kimyəvi baxımdan oxşar olmasına baxmayaraq, onların fərqli kosmik materiallardan və müxtəlif proseslər nəticəsində formalaşdığı qənaətinə gəlinib.
21:24 04.10.2026
Oxunuş sayı: 41