Bu əlamətlər varsa, mütləq həkimə müraciət edin - Virus yayılıb
Ebola virusunun yayılması ilə bağlı xəbərlər xəstəliyin digər ölkələrə keçmə ehtimalını da gündəmə gətirib. Təhlükəli virus infeksiyalarından biri hesab olunan Ebola xüsusilə epidemioloji vəziyyətin müşahidə edildiyi ölkələrdə ciddi narahatlıq yaradır. Belə bir vəziyyətdə xəstəliyin ölkələrə idxalının qarşısının alınması üçün sərhəd nəzarəti və epidemioloji anamnezin düzgün toplanması mühüm əhəmiyyət daşıyır. Azərbaycana virusun yayılma ehtimalı ilə bağlı da suallar yaranır. Xüsusilə riskli ölkələrdən gələn şəxslərdə xəstəliyə uyğun simptomların müşahidə olunması diqqət tələb edir. Yüksək hərarət, halsızlıq, boğaz ağrısı, üşütmə və qanlı ishal kimi əlamətlər şübhəli halın göstəricisi ola bilər. Belə şəxslərin vaxtında müəyyənləşdirilməsi və təcrid olunması xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Bəs hazırkı vəziyyətdə Ebola virusunun Azərbaycana yayılma riski nə qədərdir və şübhəli hallarla bağlı hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən terapevt Şahvələd Məmmədov bildirib ki, hazırkı vəziyyətdə Ebola virusunun Azərbaycan üçün ciddi təhlükə yaratdığı düşünülmür: “Ebola, Cənubi Afrika ölkələrində yayılan təhlükəli viruslardan biridir. Ona görə də deyə bilərik ki, bizim üçün hələlik ciddi təhlükə görünmür. Hər hansı virus infeksiyasının yayılmasında “epidemioloji anamnez” deyilən bir vəziyyət var. Epidemioloji anamnez – yəni epidemiya yayılan ölkələrdən, məsələn, Afrikanın, Cənubi Afrika ölkələrinin, Konqonun, Sudanın və yaxud digər ölkələrin ərazisindən Azərbaycana daxil olan şəxslərin sağlamlıq vəziyyətinin araşdırılmasıdır. Əgər həmin şəxslər yüksək hərarət, boğaz ağrısı, üşütmə, halsızlıq, bəzən isə qanlı ishal kimi əlamətlərlə ölkəyə daxil olurlarsa, onlardan anamnez toplanmalı və sorğu aparılmalıdır. Belə xəstələr dərhal təcrid olunmalıdır. Bunun xüsusi təcrid qaydaları var və xəstə infeksion şöbədə yerləşdirilməlidir. Bundan sonra isə onun müalicəsi ilə məşğul olunmalıdır”.
İnfeksionist qeyd edib ki, hazırkı vəziyyətdə Azərbaycan üçün ciddi təhlükə yoxdur və məsələ dövlət səviyyəsində nəzarətə götürülüb: “Azərbaycana giriş-çıxış məsələsinə gəldikdə, hazırda bizdə quru yolla giriş-çıxış məhdud olduğuna görə, ölkəyə kütləvi giriş-çıxış halları o qədər də müşahidə olunmur. Daha çox hava yolu ilə giriş-çıxış həyata keçirilir. Həmin şəxslər də müəyyən müayinələrdən keçərək ölkəyə daxil olurlar.
Azərbaycana daxil olan şəxsdə hər hansı virusa bənzər simptomlar – qızdırma, halsızlıq, təngnəfəslik, boğaz ağrısı, qanlı ishal və digər əlamətlər müşahidə olunarsa, belə xəstələr şübhəli hal kimi qiymətləndirilməlidir. Sorğu və anamnez zamanı həmin şəxsin son 21 gün ərzində, ən uzağı isə son bir ayda, epidemiya yayılan Cənubi Afrika ölkələrində olub-olmadığı müəyyənləşdirilməlidir. Əgər belə bir səfər tarixçəsi varsa, həmin şəxslər təcili şəkildə təcrid olunmalı və xüsusi şöbələrdə müayinəyə göndərilməlidirlər".
Zeynəb Həsən
13:00 12.08.2026
Oxunuş sayı: 45