“Drakula böcəyi” fındıq bağlarını təhdid edir – Rizedə karantin elan edildi
Türkiyədə “Drakula böcəyi” kimi tanınan Turunçgil Təkə Böcəyi Karadeniz bölgəsində fındıq bağları üçün ciddi təhlükə yaratmaqda davam edir.
Türkiyəyə idxal edilən bəzək bitkiləri vasitəsilə daxil olduğu ehtimal edilən zərərvericinin son olaraq Rizenin Fındıklı rayonunda aşkarlanmasından sonra ərazidə karantin tədbirləri tətbiq olunmağa başlanılıb. Trabzonda isə böcəklə mübarizə tədbirləri davam etdirilir.
Məlumata görə, Uzaq Şərq mənşəli Turunçgil Təkə Böcəyi əsasən fındıq olmaqla, 87 cinsə aid 180-dən çox bitki növünə zərər vurur. Böcəyin sürfələri ağacın gövdəsində dərin yollar açaraq su və qida maddələrinin hərəkətinə mane olur. Bu isə budaqların qurumasına, məhsuldarlığın azalmasına və nəticədə ağacın tamamilə məhv olmasına səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, böcəyin yalnız bir sürfəsi belə fındığın bir budağını məhv etməyə kifayət edir. Bir ağacda tək bir yetkin böcəyin qoyduğu yumurtalar isə bütün fındıq kolunun qurumasına səbəb ola bilər.
KTU Orman Fakültəsinin əməkdaşı İsmet Harman bildirib ki, zərərverici Türkiyədə ilk dəfə 2014-cü ildə İstanbulun Şile rayonunda aşkarlanıb. Hazırda isə İstanbul, Antalya, Sakarya, Bartın, Diyarbəkir, Trabzon və Rizedə qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, zərərvericinin yayılmasının qarşısını almaq üçün əsas tədbirlərdən biri yoluxmuş ağacların kökü ilə birlikdə çıxarılaraq məhv edilməsidir. Yoluxmuş ağacların odun kimi başqa ərazilərə daşınmasının isə böcəyin yayılmasına səbəb ola biləcəyi vurğulanır.
Fermerlərə fındıq ağaclarının gövdəsində dairəvi dəliklər, ağacın dibində yonqar yığıntıları və səbəbsiz quruma halları müşahidə etdikləri təqdirdə dərhal aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunur.
Mütəxəssislər xüsusilə fındıqçılığın geniş yayıldığı Trabzon, Rize, Ordu və Giresun bölgələrində zərərvericiyə qarşı mübarizənin vaxtında aparılmasının vacibliyini bildirirlər.
18:19 09.08.2026
Oxunuş sayı: 37