Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya Müdafiə Nazirliyi son bir həftə ərzində Ukraynadakı hərbi əməliyyatlarla bağlı yeni məlumatlar yayıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, son bir həftə ərzində Rusiya qüvvələri səkkiz yaşayış məntəqəsini nəzarətə götürüb.
Bildirilib ki, həftə ərzində Ukraynanın hərbi texnikasının təmiri üçün istifadə olunduğu iddia edilən dəniz limanlarının infrastruktur obyektlərinə zərbələr endirilib. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə fəaliyyət göstərdiyi iddia olunan 34 dəniz gəmisinin, o cümlədən 31 yük gəmisi və 3 yedək gəmisinin vurulduğu qeyd edilib.
Məlumata əsasən, Qara dəniz donanması Ukraynaya məxsus 5 ekipajsız kateri məhv edib.
Nazirlik iddia edib ki, hava hücumundan müdafiə vasitələri son bir həftədə HIMARS yaylım atəş sisteminin 11 reaktiv mərmisini və təyyarə tipli 6 575 pilotsuz uçuş aparatını vurub.
Açıqlamaya görə, Ukrayna Silahlı Qüvvələrinin itkiləri "Şimal" qruplaşmasının məsuliyyət zonasında 1 640 nəfərə, "Qərb" qruplaşmasının zonasında 1 495 nəfərə, "Cənub" qruplaşmasının zonasında 1 335 nəfərə, "Mərkəz" qruplaşmasının zonasında 2 375 nəfərə, "Şərq" qruplaşmasının zonasında isə 2 505 nəfərə çatıb. "Dnepr" qruplaşmasının məsuliyyət zonasında isə 250-yə qədər hərbçinin itirildiyi iddia olunub.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat başlayandan bəri 200 mindən çox pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.
14:34 07.08.2026
Oxunuş sayı: 61