"HƏMAS-ın silahsızlaşdırılması Qarabağ münaqişəsini xatırladır"- ŞƏRH
Yaxın Şərqdə mümkün atəşkəs və siyasi razılaşmalar fonunda HƏMAS-ın silahsızlaşdırılması məsələsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu prosesin baş tutub-tutmayacağı və regionun təhlükəsizlik arxitekturasına necə təsir göstərəcəyi ciddi müzakirə olunur.

Politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, HƏMAS-ın silahsızlaşdırılması ideyasına tənqidi yanaşır və bunu tarixi təcrübə fonunda qiymətləndirir.
Politoloqun fikrincə, silahsızlaşdırma təşəbbüsləri hər zaman gözlənilən nəticəni vermir:
"HƏMAS-ın silahsızlaşdırılması mənə Qarabağ münaqişəsinin ilk illərində baş verən prosesləri xatırladır. O zaman da silahsızlaşdırmanın uzunmüddətli sülhə xidmət etdiyi deyilirdi, amma sonrakı hadisələr bunun əksini göstərdi".
Ə.Məmmədli hesab edir ki, Qəzzada fəaliyyət göstərən silahlı qrupların silahsızlaşdırılması bölgədəki fələstinlilərin müdafiə imkanlarını zəiflədə bilər:
"Niyə HƏMAS-dan silah alınmalıdır? Hesab edirəm ki, Qəzzada fələstinliləri müdafiə edən qüvvələrin silahsızlaşdırılması onların təhlükəsizliyini daha da çətin vəziyyətə sala bilər".
Politoloqun sözlərinə görə, bölgədə davamlı sülhün əldə olunması üçün əvvəlcə hərbi qarşıdurmanın nəticələrinin həll edilməsi lazımdır:
"Mənim qənaətimə görə, uzunmüddətli sülh müharibədən sonra əldə olunur. Fələstinlilər silahlanmalı, müxtəlif müqavimət qrupları vahid orduya çevrilməli və müsəlman ölkələrinin dəstəyi ilə İsrail işğalından qurtulmalıdır".
Nigar Xəlilli
16:00 04.08.2026
Oxunuş sayı: 66