Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində ISO 21001:2018 üzrə maarifləndirici təlim keçirilib
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci PHŞ-də əməkdaşlar üçün ISO 21001:2018 – Təhsil Müəssisələri üçün İdarəetmə Sistemi mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim kollecin direktoru Əsmər Vəliyeva və Keyfiyyətin Təminatı şöbəsinin əməkdaşı Tünzalə Məcidova tərəfindən keçirilib.
Təlim zamanı ISO 21001 beynəlxalq standartının mahiyyəti, təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin qurulması, tələbəyönümlü yanaşma, liderlik, proses yanaşması, sübutlara əsaslanan qərarvermə, davamlı təkmilləşdirmə və maraqlı tərəflərin məmnunluğunun artırılması istiqamətləri ətraflı təqdim olunub. Eyni zamanda standartın kollecdə tətbiq perspektivləri və bu istiqamətdə görüləcək işlər barədə əməkdaşlarla fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən kollecin direktoru Əsmər Vəliyeva bildirib ki, beynəlxalq idarəetmə standartlarının tətbiqi təhsil müəssisələrinin inkişafında, idarəetmənin səmərəliliyinin artırılmasında və keyfiyyət mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayır. O qeyd edib ki, kollecdə həyata keçirilən islahatlar və müasir idarəetmə yanaşmaları tələbələrə daha keyfiyyətli təhsil xidmətlərinin göstərilməsinə xidmət edir.
Təlimçi Tünzalə Məcidova isə ISO 21001:2018 standartının əsas prinsipləri, beynəlxalq təcrübə və keyfiyyət təminatı sisteminin tətbiq mexanizmləri barədə təqdimatla çıxış edərək standartın kollecin strateji inkişaf məqsədlərinə verəcəyi töhfələri iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, Sumqayıt Dövlət Texniki Kolleci təhsildə keyfiyyətin davamlı inkişafını, rəqəmsallaşmanı, innovativ idarəetməni və beynəlxalq standartların tətbiqini əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə keçirilən maarifləndirici təlimlər kollecdə keyfiyyət mədəniyyətinin inkişafına, əməkdaşların peşəkar kompetensiyalarının artırılmasına və təhsil xidmətlərinin daha da təkmilləşdirilməsinə xidmət edir.
18:01 26.07.2026
Oxunuş sayı: 107