İsrail ordusu HƏMAS-ın iki üzvünü zərbə ilə öldürdüyünü açıqladı
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının şimalına endirilən zərbələr nəticəsində HƏMAS-ın silah istehsalına cavabdeh rəhbərlərindən biri və "Nuxba" xüsusi dəstəsinin üzvünün öldürüldüyünü bəyan edib.
Crossmedia.az xəbər verir ki, "The Times of Israel" bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində HƏMAS-ın qərargahının silah istehsalı şöbəsinin rəhbəri Fares əl-Masri öldürülüb. İsrail ordusunun iddiasına görə, o, HƏMAS-ın hərbi potensialının bərpası məqsədilə silah istehsalına rəhbərlik edirdi.
Ayrı bir əməliyyat zamanı isə HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvü Məhəmməd Əbu Şakanın zərbə nəticəsində öldürüldüyü bildirilib.
SAXAL-ın açıqlamasında qeyd olunub ki, hər iki şəxs son aylarda İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücum planlarının hazırlanmasında iştirak edib. Ordunun məlumatına görə, əməliyyatlardan əvvəl mülki əhali üçün risklərin azaldılması məqsədilə əlavə tədbirlər görülüb.
HƏMAS isə İsrail ordusunun bu açıqlaması ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.
14:39 26.07.2026
Oxunuş sayı: 67