Yollar dolur, avtomobillər göyə qalxır: NƏQLİYYATDA YENİ DÖVR
Bir vaxtlar uçan avtomobillər yalnız
fantastik filmlərdə təsəvvür edilən gələcəyin nəqliyyat vasitəsi idi. Bu gün
isə avtomobil sənayesindəki texnoloji yeniliklər həmin təsəvvürləri reallığa
yaxınlaşdırır. ABŞ-də İlon Maskın təqdim etdiyi yeni texnoloji həllər, Çində
uçan avtomobillərin istehsalına və kommersiyalaşdırılmasına yönələn layihələr
nəqliyyatın gələcəyinin artıq yalnız asfalt yollarla məhdudlaşmaya biləcəyini
göstərir. Xüsusilə Çində uçuş və yerüstü hərəkət imkanlarını birləşdirən
avtomobil layihələri üzrə istehsal hazırlıqları aparılır, bəzi şirkətlər isə bu
nəqliyyat vasitələrinin yaxın illərdə daha geniş istifadəyə çıxarılmasını
planlaşdırır.
Bu yeniliklərin arxasında dayanan
əsas səbəblərdən biri şəhərlərdə nəqliyyat yükünün artması, avtomobillərin
sayının çoxalması və mövcud yol infrastrukturunun bütün hərəkət iştirakçılarına
eyni rahatlığı təmin etməkdə çətinlik çəkməsidir. Əhalinin böyük şəhərlərdə
cəmləşməsi, fərdi avtomobillərdən geniş istifadə və pik saatlarda yollara düşən
yük tıxacları gündəlik həyatın ən ciddi problemlərindən birinə çevirib. Yeni
texnologiyalar isə hərəkətin təşkilinə fərqli yanaşmalar təklif edir:
elektrikli nəqliyyat vasitələri, avtonom idarəetmə sistemləri, pilotsuz taksilər
və hətta havada hərəkət edə bilən avtomobillər bu istiqamətdə müzakirə olunan
həllər sırasındadır.
Lakin avtomobillərin havaya qalxması
tıxac probleminin avtomatik həll olunacağı demək deyil. Uçan nəqliyyat
vasitələrinin geniş yayılması üçün təhlükəsizlik, uçuşların idarə edilməsi,
xüsusi eniş və qalxış məntəqələrinin yaradılması, enerji təminatı və
xidmətlərin qiyməti kimi məsələlər həllini tapmalıdır. Hazırkı mərhələdə bu
texnologiyaların gündəlik kütləvi nəqliyyatda hansı miqyasda istifadə olunacağı
da açıq qalır.
Dünyada nəqliyyatın gələcəyi müzakirə olunduğu bir vaxtda Azərbaycan üçün də bu tendensiyalar diqqətəlayiqdir. Xüsusilə Bakıda müşahidə olunan nəqliyyat sıxlığı fonunda yeni texnologiyaların hansı imkanlar yarada biləcəyi, onların şəhər nəqliyyatına nə dərəcədə uyğun olduğu və tətbiqinin nə qədər real göründüyü ayrıca qiymətləndirilməlidir. Bununla yanaşı, tıxacların azaldılması üçün yalnız gələcəyin avtomobillərinə ümid bağlamaq kifayət deyil. İctimai nəqliyyatın inkişafı, nəqliyyat axınının düzgün idarə olunması, şəhərsalma qərarları və alternativ hərəkət imkanları da mühüm rol oynayır.

Nəqliyyat texnologiyalarında baş
verən bu dəyişikliklərin mövcud tıxac probleminə mümkün təsirini, uçan
avtomobillərin real perspektivlərini və belə yeniliklərin Azərbaycanda tətbiq
imkanları ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Crossmedia.az-a açıqlama
verib.
O bildirib ki, Uçan avtomobillərin meydana çıxması zamanın tələbidir:
“Bu nəqliyyat vasitələri iqtisadi baxımdan da daha səmərəli ola bilər.
Azərbaycanda belə avtomobillərin istifadəyə verilməsi də fantaziya deyil. Yaxın
gələcəkdə ölkəmizdə uçan və avtonom nəqliyyat vasitələrinin istifadəsi mümkün
olacaq. Bununla bağlı artıq ilkin əlamətləri müşahidə edirik.
Məlumdur ki, uçan avtomobillər yollardakı tıxaclara düşmədən daha sürətli
hərəkət etməyə imkan verə bilər. Onlardan həm sərnişindaşımada, həm fərdi
nəqliyyat vasitəsi kimi, həm də yük daşımalarında istifadə etmək mümkündür.
Bunun üçün xüsusi marşrutların müəyyənləşdirilməsi və müvafiq operatorların
fəaliyyət göstərməsi vacibdir.
Azərbaycanda bu sahə ilə bağlı qanunvericilik bazası da mövcuddur. Düzdür,
mövcud qanunvericilik əsasən avtonom və pilotsuz nəqliyyat vasitələrinin
inkişafı ilə əlaqədardır. Lakin perspektivdə həmin hüquqi çərçivəni uçan
nəqliyyat vasitələrinə də tətbiq etmək mümkün ola bilər”.
18:25 28.10.2026
Oxunuş sayı: 322