Mirzə İbrahimov: qələmi ədəbiyyata, fəaliyyəti tarixə yazılan ömür
Bu gün Azərbaycanın görkəmli yazıçısı, dramaturq, akademik və dövlət xadimi Mirzə İbrahimovun anadan olmasından 115 il ötür. Bədii yaradıcılığı, ədəbiyyatşünaslıq fəaliyyəti və ictimai-siyasi mövqeyi ilə Azərbaycan mədəniyyət tarixində özünəməxsus yer tutan ədibin irsi bu gün də aktuallığını qoruyur.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində dünyaya gəlib. Onun uşaqlıq illəri çətinliklər içində keçib. 1918-ci ildə ailəsi ilə Bakıya köçən Mirzə İbrahimov atasının vəfatından sonra erkən yaşlarından işləməyə məcbur olub. Balaxanı və Zabratda fəhləlik etməsi onun həyat təcrübəsinin formalaşmasında mühüm rol oynayıb. Sonralar bu təcrübə yazıçının əsərlərində insan talelərinin, zəhmətin və cəmiyyət həyatının təsvirində də öz əksini tapıb.
Ədəbiyyata marağı onu fəhlə ədəbiyyat dərnəyinə gətirib. İlk şeiri olan “Qazılan buruq” 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunub. Bununla başlayan yaradıcılıq yolu zamanla hekayə, oçerk, roman, dramaturgiya və ədəbi tənqidi əhatə edən geniş bir fəaliyyətə çevrilib. 1933-cü ildə Naxçıvanda nəşr olunan “Sürət” qəzetinin redaktoru kimi çalışan İbrahimov jurnalistika ilə də məşğul olub. Sonrakı illərdə təhsilini davam etdirərək Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına dair elmi araşdırmalar aparıb.
Mirzə İbrahimovun yaradıcılığında insan, cəmiyyət, milli-mənəvi dəyərlər və ictimai həyatın ziddiyyətləri mühüm yer tutur. “Həyat”, “Madrid”, “Məhəbbət” kimi pyesləri dramaturgiyamızın inkişafına töhfə verib. “Gələcək gün” romanı isə yazıçının tanınmış əsərləri sırasında xüsusi yer tutur. Əsərlərində insanın mənəvi dünyasına, ictimai münasibətlərə və tarixi proseslərin fərdlərin həyatına təsirinə diqqət yetirən müəllif nəsr və dramaturgiya sahəsində özünəməxsus üslub yaradıb.
Onun fəaliyyəti yalnız bədii yaradıcılıqla məhdudlaşmayıb. Mirzə İbrahimov 1942–1946-cı illərdə Azərbaycan SSR maarif naziri, 1954–1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib, ədəbiyyatşünaslıq və elmi fəaliyyətlə məşğul olub. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib, 1961-ci ildə Xalq yazıçısı fəxri adına layiq görülüb. SSRİ Dövlət mükafatı, Azərbaycan SSR Dövlət mükafatı və Beynəlxalq Nehru mükafatı onun təltifləri sırasında yer alır.
Mirzə İbrahimovun ədəbi və elmi fəaliyyətində Azərbaycan dili məsələsi də mühüm yer tutub. O, dilin tarixi, ictimai mövqeyi və inkişaf perspektivləri barədə düşüncələrini elmi-publisistik yazılarında ifadə edib. Ədəbiyyatın milli kimliyin qorunmasında roluna xüsusi diqqət yetirən yazıçı klassik irsin öyrənilməsi və nəşri, ədəbiyyat tarixinin araşdırılması, yeni ədəbiyyatşünas kadrların yetişdirilməsi istiqamətində də fəaliyyət göstərib.
Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Onun ömrü müxtəlif sahələri birləşdirən geniş fəaliyyət yolu kimi Azərbaycan tarixində qalıb. Yazıçının əsərləri, elmi irsi və ictimai fəaliyyəti milli ədəbiyyatımızın inkişaf mərhələlərini öyrənmək baxımından əhəmiyyətini qoruyur. Onun adı həm söz sənətinə, həm də ölkənin mədəni və ictimai həyatına verdiyi töhfələrlə xatırlanır.
Nigar Xəlilli
17:00 28.10.2026
Oxunuş sayı: 217