"İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
Azərbaycan Dövlət Pantomima Teatrının "İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb.
Bu barədə Crossmedia.az-a teatrdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.
Teatrın yaradıcı şöbə müdiri, Azərbaycan Əməkdar artisti Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırladığı "İblis" tamaşası festivalın "Ən yaxşı səhnə plastikası" nominasiyası üzrə mükafata layiq görülüb.
TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən teatrın direktoru Yarməmməd Qurbanov, teatrın yaradıcı işlər üzrə direktor müavini Ceyhun Dadaşov və yaradıcı şöbə müdürü, tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədli) festivalda iştiraklarına və yaradıcılıq töhfələrinə görə xüsusi təşəkkür lövhələri ilə təltif ediliblər.
Azərbaycan Dövlət Pantomima Teatrı isə beynəlxalq festivalda iştirakına və verdiyi töhfələrə görə TÜRKSOY təşkilatının xatirə təltifinə layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu,quruluşçu rəssamı Xəyyam Səmmədov, xoreoqrafı əməkdar artist Səbinə Hacıyeva, işıq üzrə rəssamı Ramiz İsmayılov musiqi operatoru Natella Bədəlovadır.
Səhnə əsərində Əməkdar artist Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Nuridə Musabəyli, Səbirə Həsənova, Elxan Şahaliyev, Solmaz Bədəlova, Cavad Nuriyev, Jalə Novruzova, Elmin Qiyaslı və Hüseyin İsmayılov ifa ediblər.
17:41 28.10.2026
Oxunuş sayı: 56