Rusiyada miqrantlar üçün qaydalar kəskin şəkildə sərtləşdirilib
Rusiya Prezidenti Vladimir Putin əmək miqrantları üçün əlavə tələbləri nəzərdə tutan qanunu imzalayıb.
Crossmedia.az bu barədə “TASS”-a istinadən xəbər verir.
Yeni qaydalara əsasən, əmək miqrantları Rusiyada yaşayan və himayəsində olan ailə üzvlərinin dolanışığını regional əmsal nəzərə alınmaqla yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməlidirlər.
Qanuna görə, vergi orqanları işləyən əcnəbilərin üç, altı, doqquz və on iki aylıq gəlirləri barədə məlumatları avtomatik olaraq Daxili İşlər Nazirliyinə təqdim edəcək.
Bundan əlavə, miqrantlar DİN-ə gəlir arayışı, vergi bəyannaməsinin surəti və ya fiziki şəxslərin gəlir vergisinin ödənildiyini təsdiqləyən sənədlər təqdim etməli olacaqlar.
Sənəd həmçinin müvəqqəti yaşamaq icazəsinin və yaşayış hüququnun ləğv edilməsi üçün əsasların siyahısını genişləndirir.
Yeni qanuna əsasən, əmək miqrantlarının uşaqları yalnız valideynlərinin iş icazəsinin qüvvədə olduğu müddətdə Rusiyada qala biləcəklər. Bunun üçün miqrant həm özü, həm də hər bir uşağı üçün sabit avans gəlir vergisi ödənişi etməlidir.
Miqrant ailələrinin 18 yaşına çatan övladları isə 30 gün ərzində Rusiyanı tərk etməli və ya həmin müddətdə patent almaq üçün müraciət etməlidirlər.
16:39 26.07.2026
Oxunuş sayı: 62