Ermənistanda "balıq böhranı": Etirazlar genişlənəcək, sonra isə...
Ermənistanda balıq istehsalçılarının hökumət binası qarşısında keçirdiyi etiraz aksiyası ölkədə ixrac siyasəti və iqtisadi idarəetmə ilə bağlı narazılıqları yenidən gündəmə gətirib. Etirazçılar Avropa bazarına çıxışın real olmadığını, Rusiya bazarında isə ciddi problemlərlə üzləşdiklərini bildirərək hökumətin dəstək proqramlarını səmərəsiz hesab edirlər.

Siyasi şərhçi Asif Nərimanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanda müşahidə olunan etirazlar təkcə gömrük və ya sahibkarlıq sahəsində yaranan problemlərlə bağlı deyil, daha geniş siyasi və iqtisadi proseslərin nəticəsidir.
"Ermənistanda baş verən etirazlar problemin yalnız görünən hissəsidir. Məsələ təkcə sahibkarların üzləşdiyi çətinliklərlə məhdudlaşmır. Bu, Rusiyanın Ermənistana qarşı həyata keçirdiyi iqtisadi təzyiq siyasətinin mənfi nəticələrinin üzə çıxmasıdır. Hazırda müxtəlif sektorlar üzrə problemlər yaşanır".
Ekspertin sözlərinə görə, hökumət sahibkarların itkilərinin kompensasiyası istiqamətində addımlar atmasa, etirazların genişlənməsi qaçılmaz olacaq:
"Əgər Ermənistan hökuməti yaxın dövrdə iqtisadi itkilərin kompensasiya edilməsi və sahibkarların dəstəklənməsi istiqamətində konkret tədbirlər görməsə, bu cür etirazlar davam edəcək və digər sahələri də əhatə edə bilər".
A.Nərimanlı hesab edir ki, etirazların arxasında siyasi maraqlar da mövcuddur:
"Bu prosesdə müxtəlif siyasi qüvvələrin maraqları var və Rusiyanın da bu vəziyyətdən dolayısı ilə faydalanmağa çalışdığı istisna edilmir. Moskvanın əsas məqsədlərindən biri iqtisadi təzyiq vasitəsilə Ermənistan daxilində hökumətə qarşı narazılığı artırmaq və İrəvanın Avropayönümlü siyasətinə təsir göstərməkdir".
Politoloqun fikrincə, Ermənistan hökuməti hazırda çətin seçim qarşısındadır:
"İrəvanın strateji hədəfi Avropa bazarına çıxış əldə etməkdir. Lakin bu, yaxın perspektivdə asan görünmür. Avropa İttifaqı Ermənistanın itkilərinin kompensasiya olunması istiqamətində müəyyən təşəbbüslər irəli sürsə də, bu proses vaxt tələb edir".
Ekspert bildirib ki, Ermənistanın qarşısında iki əsas seçim var:
"Birinci variant Rusiya ilə münasibətləri yumşaldaraq iqtisadi problemlərin aradan qaldırılmasına çalışmaqdır. Digər variant isə Avropa ilə inteqrasiyanı sürətləndirmək və yeni bazarlara çıxışı genişləndirməkdir. Bununla yanaşı, keçid dövründə Moskva ilə müəyyən kompromislərin əldə olunması da istisna deyil".
Müsahibimiz vurğulayıb ki, Ermənistanın uzunmüddətli iqtisadi çıxış yolu regionda sülhün təmin olunmasından keçir:
"Ermənistanın bu vəziyyətdən çıxmasının ən real yolu Azərbaycanla sülh prosesini başa çatdırmasıdır. Bunun üçün ilk növbədə konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalı, daha sonra isə sülh sazişi imzalanmalıdır".
Onun sözlərinə görə, bundan sonra regionda yeni iqtisadi imkanlar yarana bilər:
"Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması Ermənistanın regional kommunikasiyalara və Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Bu baxımdan, konstitusiya dəyişikliyi və sülh sazişi Ermənistan üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır".
Nigar Xəlilli
18:00 23.07.2026
Oxunuş sayı: 56