Bakıdan İrəvana sərt mesaj: Konstitusiya dəyişməlidir
Azərbaycan-Ermənistan arasında sülh prosesində növbəti mərhələyə keçid üçün İrəvanın qarşısında konkret siyasi və hüquqi öhdəliklər dayanır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, yekun sülhün əldə olunması yalnız siyasi razılaşma ilə məhdudlaşmamalıdır. Bu çərçivədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması əsas məsələlərdən biri kimi önə çıxır. Xarici işlər naziri Ceyhun Bayramov da son açıqlamasında sülh sazişinin imzalanmasından sonra prosesin tam başa çatması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. Ermənistanda seçkilərin də başa çatması bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub. İndi əsas sual İrəvanın Konstitusiya dəyişikliyi ilə bağlı real addımlara nə dərəcədə hazır olmasıdır. Bəs bu tələb sülh prosesinin davamlı və geri dönməz olması baxımından nə qədər əhəmiyyətlidir və hazırda yekun razılaşmaya mane olan əsas amillər hansılardır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, yekun sülhün əldə olunması üçün Ermənistan rəsmi Bakının irəli sürdüyü şərtləri yerinə yetirməlidir:
“Azərbaycan-Ermənistan arasında yekun sülhün əldə olunması üçün İrəvan rəsmi Bakının şərtlərini yerinə yetirməlidir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, “Ermənistanın ev tapşırıqları var və onlar yerinə yetirilməlidir”. Xarici işlər naziri Ceyhun Bayramovun son açıqlaması da Azərbaycanın mövqeyinin dəyişmədiyini göstərir. Nazir də bildirdi ki, sülh sazişinin imzalanmasından sonra prosesin başa çatması üçün atılmalı addımlardan biri Ermənistanda Konstitusiyaya dəyişiklik edilməsidir. Aydındır ki, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların qalması gələcəkdə yeni ərazi iddiaları üçün “hüquqi-siyasi zəmin” yaradır. Buna görə Bakı haqlı olaraq tələb edir ki, davamlı və geri dönməz sülh üçün bu məsələ hüquqi müstəvidə də həll edilməlidir. Siyasi bəyanatlardan daha çox real addımların atılması, öhdəliklərin yerinə yetirilməsi vacibdir. Seçki başa çatdıqdan sonra bu prosesin sürətlənməsi üçün heç bir ciddi maneə yoxdur. Yalnız siyasi iradə tələb olunur".
Deputat əlavə edib ki, əslində Azərbaycan-Ermənistan münasibətlərində hazırkı mərhələ əvvəlki illərdən fərqlənir: "Azərbaycan tranzit məhdudiyyətlərinin aradan qaldırılması fonunda real addımlar atmaqla nümunə sərgiləyir. Prosesin yubanması riskləri qaçılmaz edir. Ermənistanın daxilində revanşistlərin fəallığı, sülh əleyhinə antitəbliğat kampaniyaları nəzərə çarpır. Ermənistan real hüquqi addımlar atmalıdır. Bu, ilk növbədə Ermənistanın özü üçün vacibdir. Paşinyan hökuməti anlamalıdır ki, xarici təhlükələrdən xilas olmağın yolu Azərbaycanla normal münasibətlərdən, yekun sülhün əldə edilməsindən keçir. Əks halda, regiondan daim qlobal toqquşmalar üçün istifadə cəhdləri qaçılmaz olacaq”.
Zeynəb Həsən
11:30 10.09.2026
Oxunuş sayı: 50