Şərqi Zəngəzurla bağlı yeni qərar - sərəncam imzalandı
Şərqi Zəngəzurda şəhər və yaşayış məntəqələrinin gələcək inkişafı beynəlxalq şəhərsalma prinsipləri əsasında qurulacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi yeni saziş bu istiqamətdə Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Layihənin əsas məqsədlərindən biri ərazidə ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinin planlaşdırılmasıdır. Bu yanaşma yalnız yeni binaların və infrastrukturun qurulmasını deyil, insanların uzunmüddətli və rahat yaşayacağı şəhər mühitinin formalaşdırılmasını da əhatə edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış prosesində şəhərsalma və məskunlaşmanın düzgün planlaşdırılması mühüm əhəmiyyət daşıyır. BMT-nin Məskunlaşma Proqramının prosesə cəlb olunması isə bu işdə beynəlxalq təcrübə və müasir planlaşdırma yanaşmalarından istifadə imkanlarını genişləndirir. Bəs bu saziş Şərqi Zəngəzurun gələcək inkişafı üçün nə vəd edir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, sazişin əhəmiyyəti yalnız şəhərsalma sənədi ilə məhdudlaşmır:
“Bu sazişin əhəmiyyəti yalnız texniki şəhərsalma sənədi olması ilə məhdudlaşmır. O, həm də Şərqi Zəngəzurun uzunmüddətli inkişaf modelinin beynəlxalq standartlar və müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən sazişə əsasən, Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramı ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin planlaşdırılması prosesində birbaşa iştirak edəcək".
Deputat qeyd edib ki, bu təşəbbüs “Böyük Qayıdış”a dair II Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsinə dəstək olmaqla yanaşı, cari ilin mayında Bakıda keçirilmiş BMT-nin 13-cü Şəhərsalma Konfransının (WUF 13) nəticələrinə də konkret töhfə verəcək. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə müasir və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına imkan yaradacaq”.
Zeynəb Həsən
20:00 10.09.2026
Oxunuş sayı: 54