Azərbaycanda iş saatları dəyişir?
Azərbaycan Respublikasının “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər qabaqcıl beynəlxalq təcrübələrə əsasən, çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtı normasını (həftəlik 40 saat) qorumaq şərtilə iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verən iş təşkili formasıdır. Bu model əmək münasibətlərində çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında tarazlığın təmin edilməsinə, həmçinin əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir.
"Beynəlxalq praktikada çevik iş vaxtı rejimi adətən əsas (məcburi) iş saatları, çevik giriş-çıxış intervalları (məsələn, 06:00-10:00, 15:00-20:00) və ümumi iş vaxtı normasının dəyişməz qalması prinsipləri əsasında tətbiq edilir. Bununla yanaşı, konkret iş vaxtı çərçivələri və tətbiq mexanizmləri hər bir ölkənin milli qanunvericiliyi və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

Məsələyə Əmək Liqasının Sədri Sahib Məmmədov münasibət bildirib: "Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2019-cu ildə təsdiq etdiyi 2019–2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası var. Həmin dövr üçün iki Tədbirlər Planının qəbul olunması nəzərdə tutulmuşdu. Birincisinin icrası artıq başa çatıb və 2026–2030-cu illər üzrə yeni Tədbirlər Planı qəbul olunub.
Bu Tədbirlər Planı 6 bölmədən və 50 tədbirdən ibarətdir. Həmin tədbirlər sırasına çevik iş vaxtı, yəni çevik iş rejiminin modellərinin tətbiqi və bu aləmdə beynəlxalq təcrübənin öyrənilməsi də daxil edilib. Əvvəlki ənənəvi tədbirlər planlarından fərqli olaraq, burada maraqlı bir yanaşma var: süni intellektdən istifadə olunması, süni intellekt əsaslı iş yerlərinin yaradılması və sair kimi müasir addımlar nəzərdə tutulur.
Çevik iş rejiminin tətbiqi doğrudan da çox zəruri idi. Təəssüf ki, bizim mövcud Əmək Məcəlləsində bu məsələlər öz əksini tapmayıb. Köhnə Əmək Məcəlləsinə adda-buddu əlavələr etməklə bu sahəni tənzimləmək çətin olacaq. Düşünürəm ki, müxtəlif iş rejimlərini özündə birləşdirən yeni Əmək Məcəlləsi qəbul olunmalıdır.
Məsələn, tutaq ki, media orqanlarında əmək münasibətlərinin tənzimlənməsi necə həyata keçirilməlidir? Bu sahənin digərlərindən müəyyən fərqləri var. Yaxud qeyri-hökumət təşkilatlarında, dini qurumlarda, növbəli (vaxta) rejimdə və sair yerlərdə iş necə qurulmalıdır? Yəni bütün bunlar ayrı-ayrı tənzimləmə tələb edir ki, bizim o köhnə, postsovet dövründən qalan Əmək Məcəlləsində bu mexanizmlər yoxdur. Ona görə də cənab Prezident Tədbirlər Planında bu məsələlərin nəzərdən keçirilməsini xüsusi olaraq tapşırıb.
Çevik iş rejimi dedikdə nəyi nəzərdə tuturuq? Bir var fiks olunmuş (sabit) iş vaxtı rejimi — məsələn, səhər saat 09:00-da başlayır, 13:00-da nahar fasiləsidir, 14:00-da iş bərpa olunur, 18:00-da isə bitir və insanlar evə gedir. Bir də var çevik iş vaxtı. Burada iş rejimi sabit vaxta əsaslanmır; işçi öz iş qrafikini sərbəst şəkildə müəyyən edir. Yəni onun gün ərzində neçə saat iş yerində olması, neçə saatını çöldə keçirməsi özünə bağlıdır. Tutaq ki, jurnalistdir, məlumat əldə etmək üçün obyektə getməli, sonra geri qayıtmalıdır və s. Yaxud işçi bir gün səhər saat 08:00-da işə çıxa bilər, o biri gün saat 13:00-da, başqa bir gün isə axşam saatlarında olan hansısa tədbirə və ya hadisəyə qatıla bilər. Bir sözlə, çevik iş vaxtı konkret, fiks olunmuş iş rejiminə və ya növbəyə əsaslanmır; iş saatları sərbəst seçilir".
O, qeyd edib ki, bu təcrübə beynəlxalq aləmdə geniş yayılıb və bəzi iri şirkətlər bunu tətbiq edərək böyük iqtisadi səmərə də əldə ediblər:
"Əlbəttə, bunun dövlət sektorunda tətbiqi bir başqa şəkildə, özəl sektorda tətbiqi isə tam fərqli şəkildə həyata keçirilməlidir. Özəl sektor işçilərin əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarını məhdudlaşdırmadan bunu bu gün də tətbiq edə bilər. Lakin dövlət sektorunda bunu reallaşdırmaq üçün ilk növbədə Əmək Məcəlləsinə qanunvericilik qaydasında dəyişiklik edilməli, daha sonra Prezidentin və ya Nazirlər Kabinetinin tənzimləyici normativ-hüquqi aktı qəbul olunmalıdır.
İndi bu Tədbirlər Planı çərçivəsində beynəlxalq təcrübə öyrəniləcək və böyük ehtimalla, yeni çevik iş qrafiklərinin tətbiqi ilə bağlı mövcud qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər ediləcək".
Turqut Ansari
18:00 22.07.2026
Oxunuş sayı: 62