İrəvanın mövqeyi dəyişir - Kərki Azərbaycana qaytarılır
Ermənistanın Baş naziri Nikol Paşinyanın Kərki kəndi ilə bağlı son açıqlaması delimitasiya prosesində diqqət çəkən məqam yaradıb. Paşinyan Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisi barədə danışarkən Kərki və Azərbaycanın digər anklavlarının bu əraziyə daxil olmadığını bildirib. Baş nazir bununla yanaşı, həmin əraziyə Azərbaycanın Qazax rayonunda yerləşən Başkənd anklavının daxil olduğunu qeyd edib. Bu mövqe Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesində anklav və eksklavların taleyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə Kərkinin strateji coğrafi mövqeyi və mühüm kommunikasiya xətləri üzərində yerləşməsi kəndin Azərbaycana qaytarılması məsələsinə siyasi və təhlükəsizlik aspektlərindən yanaşmağı zəruri edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi postmünaqişə dövründə bütövlükdə Cənubi Qafqazda dayanıqlı sülhün və regional təhlükəsizlik arxitekturasının formalaşdırılmasında ən kritik mərhələlərdən birini təşkil edir:
“İkitərəfli komissiyaların fəaliyyəti və Alma-Ata Bəyannaməsi əsasında yürüdülən danışıqlar göstərir ki, Bakının yaratdığı yeni konfiqurasiyada tərəflər ərazi bütövlüyünün tanınması prinsipini əsas götürərək praktiki addımlar atmağa meyillidirlər.
Bu kontekstdə, Ermənistan rəhbərliyinin ölkənin beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisini dəqiqləşdirərkən Kərki və Qazaxın eksklav kəndlərini bu çərçivədən kənarda saxlaması prosesin hüquqi və siyasi baxımdan yeni müstəviyə keçdiyini sübut edir. Cəmi 3 il əvvələ qədər açıq formada separatizmi müdafiə edən rəsmi İrəvanın bu mövqeyi Bakının hərbi-siyasi zəfəri fonunda Ermənistanda hüquqi reallıqların qəbul edilməsi ilə yanaşı, gələcək eskalasiya risklərini sıfırlamağa yönəlmiş siyasi iradənin formalaşmasının göstəricisidir.
Qazax rayonunun 4 anklav olmayan kəndinin dinc yolla azad olunması təcrübəsi göstərdi ki, delimitasiya prosesi təkcə hərbi-siyasi deyil, həm də diplomatik mexanizmlərlə nəticə vermək gücünə malikdir. Bu uğurlu presedent, Kərki də daxil olmaqla, digər kəndlərin geri qaytarılması ehtimalını kifayət qədər yüksəldir və növbəti mərhələ üçün aydın hüquqi zəmin yaradır.
Kərkinin strateji coğrafi mövqeyi, İrəvanı Sünik — Zəngəzur vilayəti və İran sərhədi ilə birləşdirən M2 magistral yolunun üzərində yerləşməsi — məsələnin tənzimlənməsində logistik və təhlükəsizlik amillərinin nəzərə alınmasını zəruri edir. Bu səbəbdən hüquqi qaytarılma prosesinin hər iki tərəf üçün praktiki kommunikasiya çətinlikləri yaratmaması adına xüsusi mühəndislik və nəqliyyat həlləri ilə paralel aparılması gözləniləndir.
Bu mənada, Kərkinin qaytarılması, heç şübhəsiz ki, tərəflər arasında etimadın möhkəmlənməsinə, Zəngəzur dəhlizi və digər regional nəqliyyat-logistika xətlərinin açılmasına, nəticə etibarilə isə Cənubi Qafqazın geosiyasi gərginlik zonasından beynəlxalq ticarət və əməkdaşlıq qovşağına çevrilməsinə böyük töhfə verəcəkdir”.
Zeynəb Həsən
20:15 11.09.2026
Oxunuş sayı: 49