Rusiya “Avanqard” raketinin sınağını təxirə salıb
Rusiya sentyabrın əvvəlində keçirilməsi planlaşdırılan hipersəsli “Avanqard” raketinin sınaq buraxılışını həyata keçirməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə açıq məlumatlara istinadən məlumat yayılıb.
Sınağın sentyabrın 3-5-də Orenburq vilayətində yerləşən Dombrovski poliqonunda keçirilməsi planlaşdırılırdı. Bu ərazidə “Avanqard” kompleksləri ilə silahlanmış Rusiya Strateji Raket Qoşunlarının yeganə diviziyası yerləşir.
Rusiya mümkün buraxılış və raketin hissələrinin düşəcəyi ərazilərdə uçuşları məhdudlaşdırmaq üçün əvvəlcədən NOTAM aviasiya bildirişi yayıb. Tümen vilayətinin bir neçə rayonunun sakinlərinə də xəbərdarlıq edilib.
Sınağın əsas tarixinin sentyabrın 3-ü, ehtiyat tarixinin isə sentyabrın 4-ü olduğu bildirilirdi. Lakin nəzərdə tutulan tarixlərdə raketin buraxılışı baş tutmayıb.
“Avanqard” 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim edilən altı yeni silah sistemindən biri kimi göstərilib.
20:59 11.09.2026
Oxunuş sayı: 55