Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.
Crossmedia.az xəbər verir ki,bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.
Belə ki, gəminin batması nəticəsində 14 nəfərin itkin düşməsi ilə bağlı Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.
O.Həsənoğlu bildirib ki, bu gün keçirilən məhkəmə iclasında gəmidə çalışan Azərbaycan vətəndaşı olan heyət üzvlərinə - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətova qarşı ayrıca ittiham elan edilməyib. Onbun sözlərinə görə, hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı üzrə istintaq aparılır:
"Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır".
O.Həsənoğlu qeyd edib ki, gəmi heyətinin Azərbaycan vətəndaşı olan üzvləri digər məsul şəxslərdən fərqli olaraq gəmini yalnız son mərhələdə tərk edərək sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar:
"Artıq vurğuladığım kimi, onlar şübhəli şəxs qismində deyil, faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Hesab edirik ki, onların hadisə zamanı göstərdikləri davranış və sərnişinlərə kömək etmək cəhdləri istintaq zamanı hərtərəfli qiymətləndirilməlidir".
Cəmiyyət sədri əlavə edib ki, gəmi qəzasının təhqiqatını aparan istintaq qrupu hadisə baş verdiyi gündən bu günə qədər 300-ə yaxın izahat alıb.
O.Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.
19:07 11.09.2026
Oxunuş sayı: 42