Ukraynanın baş prokuroru vəzifəsindən istefa verib
Kravçenkonun istefası Ukraynada korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılan araşdırmalar fonunda baş verib. O, özünün hər hansı qanunsuzluqda iştirakını rədd edib.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAPO) baş prokurorluğun əməkdaşlarından birinin qanunsuz fəaliyyət göstərən çağrı mərkəzlərini himayə edən şəbəkəyə yardım etdiyini açıqlayıb.
İstintaqa görə, həmin çağrı mərkəzləri Ukrayna, Rusiya və Avropa İttifaqı ölkələrinin vətəndaşlarını telefon vasitəsilə aldadaraq onların pullarını ələ keçirib. Şəbəkənin əldə etdiyi vəsaitlərin milyonlarla dollar həcmində olduğu və qanunsuz yollarla yuyulduğu bildirilir.
NABU araşdırma çərçivəsində baş prokurorluğun binasında axtarış aparıb. Agentlik şəbəkə ilə əlaqəli beş vəzifəli şəxsi müəyyən etdiyini açıqlayıb və böyük məbləğdə nağd pulun aşkarlandığını bildirib.
Kravçenko istefasının siyasi qərar olduğunu bildirib. O, qərarı tutduğu vəzifənin siyasi qarşıdurma vasitəsinə çevrilməsinin qarşısını almaq məqsədilə qəbul etdiyini deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Kravçenkonun istefa ərizəsini parlamentə təqdim edəcəyini açıqlayıb. İstefanın qüvvəyə minməsi üçün Ali Radanın təsdiqi tələb olunur.
18:03 11.09.2026
Oxunuş sayı: 48