Baxça müəllimlərinin sertifikasiya imtahanına cəlbi çox vacibdir - Rəy
Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi davam etdirilir. Oktyabr-noyabr aylarında keçiriləcək sertifikatlaşdırma prosesi pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması və peşəkar inkişafının dəstəklənməsini hədəfləyir. Daha əvvəl isə məktəbəqədər təhsil müəssisələrində çalışan 13 minə yaxın tərbiyəçi-müəllimin iştirakı ilə diaqnostik qiymətləndirmə keçirilib.
Təhsil eksperti Əli Ələkbərov Crossmedia.az-a açıqlamasında tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasının məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addım ola biləcəyini bildirib: “Məktəbəqədər dövr uşağın gələcək inkişafı, dünyagörüşünün formalaşması, sosial bacarıqlarının və öyrənmə vərdişlərinin yaranması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mərhələdə pedaqoqun peşəkarlığı birbaşa təhsil prosesinin nəticələrinə təsir göstərir. Sertifikatlaşdırma tərbiyəçi-müəllimlərin bilik və bacarıqlarının real vəziyyətini müəyyən etməyə, onların hansı istiqamətlərdə peşəkar inkişafa ehtiyac duyduğunu ortaya çıxarmağa imkan verə bilər”.

Ekspertin sözlərinə görə, sertifikatlaşdırma yalnız imtahan və nəticə mexanizmi kimi qəbul edilməməlidir: “Əgər qiymətləndirmədən sonra müəllimlər üçün real təlimlər, metodiki dəstək və inkişaf imkanları yaradılarsa, proses daha səmərəli nəticə verə bilər. Əks halda, sertifikatlaşdırma sadəcə formal göstəriciyə çevrilə bilər. Hesab edirəm ki, bu prosesin əsas məqsədi müəllimi cəzalandırmaq və ya yalnız bilik səviyyəsini ölçmək deyil, onun peşəkar inkişafına stimul yaratmaq olmalıdır”.
Əli Ələkbərov qeyd edib ki, məktəbəqədər təhsilin keyfiyyətini yalnız sertifikat müəyyən etmir: “Burada pedaqoqun uşaqlarla ünsiyyət qurmaq bacarığı, psixoloji yanaşması, yaradıcılığı, müasir təlim metodlarından istifadə imkanları və praktik fəaliyyəti də mühüm rol oynayır. Bu baxımdan, sertifikatlaşdırma məktəbəqədər təhsildə keyfiyyət standartlarının yüksəlməsinə, pedaqoji heyətin peşəkarlığının artırılmasına və nəticə etibarilə uşaqlar üçün daha keyfiyyətli təhsil mühitinin formalaşmasına ciddi töhfə verə bilər”.
Nigar Xəlilli
18:45 11.09.2026
Oxunuş sayı: 43