“Sabah” niyə uduzdu? - qapıçı oyuna fokus ola bilmədi
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində debütü İngiltərədə ağır məğlubiyyətlə nəticələnib. Azərbaycan çempionu “Old Trafford”da “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub.
“Sabah”ın tarixi debütündə meydan sahiblərinin qollarını Mateus Kunya, Bruno Fernandes, Benyamin Şeşko və Lisandro Martines vurub. Buna baxmayaraq, Azərbaycan təmsilçisi Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə artıq ölkə futbolu üçün əlamətdar nəticəyə imza atıb.
Futbol jurnalisti Kənan Məstəliyev “Sabah”ın “Mançester Yunayted”ə qarşı keçirdiyi oyunda böyük hesabla məğlub olmasının gözlənilən olduğunu Crossmedia.az-a açıqlamasında bildirib: ““Sabah”ın məğlubiyyəti əslində gözlənilən idi. Böyük hesablı məğlubiyyət də gözlənilən idi. Çünki rəqib əfsanəvi “Mançester Yunayted”dir və qarşılaşma əfsanəvi “Old Trafford”da keçirilirdi. “Sabah” üçün debüt mövsümüdür. Komandanın debüt mövsümünün əvvəlində əsas mərhələyə gəlib çıxması da gözlənilmirdi. Əslində bu, böyük bir sensasiya idi. Ona görə də düşünürəm ki, bu məğlubiyyəti, hətta böyük hesablı olsa belə, faciəyə çevirmək lazım deyil”.
Jurnalistin sözlərinə görə, qarşılaşma “Sabah”ın futbolçuları üçün böyük təcrübə qazandırıb: “Əsas odur ki, futbolçular təcrübə qazandılar. Onlar böyük rəqibə qarşı səfərdə necə oynamağın yolunu öyrənməyə başladılar. Bu, gələcək matçlarda komandanın xeyrinə olacaq. Adətən autsayder komandalar güclü rəqiblərə qarşı oyunlarda əsasən müdafiədən oynayırlar, arxada oturaraq əks-hücumlarda oynamağa çalışırlar. Əksinə, bu dəfə biz “Sabah”ın ifasında bunu görmədik. “Sabah” istəkli və əzmkarlıqla oynadı, hücuma getməyə çalışdı, hətta oyunun bəzi hissələrində pressinq edərək xoşbəxtliyi rəqibin cərimə meydançasında axtarmağa çalışdı”.
Kənan Məstəliyev qeyd edib ki, komandada ayrı-ayrı futbolçuların səhvləri olsa da, ümumi oyun ümidverici təsir bağışlayıb: “Səhvlər var idi, təbii ki, bəzi oyunçularımız potensialından aşağı çıxış etdilər. Məsələn, qapıçımız Pokatilov demək olar ki, 90 dəqiqə ərzində oyuna tam fokuslana bilmədi. Kahim Parris sağ cinahda çox zəif oynadı. Digərləri haqqında da danışmaq olar, amma ümumilikdə, bir-iki səhvi və bəzi oyunçuların potensialından aşağı çıxışını nəzərə almasaq, normal oynadıq. Bəli, şanslardan daha çox yararlana bilərdik, amma bu, birinci matçdır və bunu həyəcana, gərginliyə bağlamaq olar. Mən düşünürəm ki, bu matçdakı oyun “Sabah”ın qarşıdakı matçlarda daha yaxşı oynayacağına ümid verir”.
Nigar Xəlilli
18:30 11.09.2026
Oxunuş sayı: 48