Çin kapitalı Azərbaycana gəlir: Böyük əməkdaşlıq
Azərbaycan-Çin iqtisadi əməkdaşlığında yeni investisiya imkanları gündəmə gəlir. Dünyanın ən böyük iqtisadi güclərindən biri olan Çin son illərdə Mərkəzi Asiya ölkələrinə milyardlarla dollar sərmayə yatıraraq regionda iqtisadi mövqeyini gücləndirib. Qazaxıstan, Özbəkistan və Qırğızıstan Çin investisiyalarından əhəmiyyətli pay əldə edən ölkələr sırasında yer alır. Azərbaycan da bu prosesdən kənarda qalmaq və Çin kapitalının ölkəyə cəlb edilməsini genişləndirmək niyyətindədir. Xüsusilə Şərq-Qərb və Orta Dəhliz layihələri çərçivəsində artan əməkdaşlıq yeni istehsal sahələrinin və logistika mərkəzlərinin yaradılması üçün əlavə imkanlar yaradır. Çin investisiyalarının Azərbaycana yönəldilməsi həm ölkənin tranzit potensialının gücləndirilməsi, həm də yeni istehsal və iqtisadi əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından əhəmiyyətli ola bilər.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün çox vacibdir:
“Əlbəttə ki, Çin dünyada sürətlə inkişaf edən, dünyanın ikinci iqtisadiyyatıdır, bəzi hesablamalara görə isə hətta artıq birinci iqtisadiyyatıdır. Buna görə də Çinlə əməkdaşlıq çox vacibdir. Bizim həm Şərq-Qərb dəhlizi, həm də Orta Dəhliz layihəsi çərçivəsində Çinlə əməkdaşlığımız genişlənir ki, bu da çox doğrudur. Bununla yanaşı, investisiya layihələrinin həyata keçirilməsi də mümkündür. Məsələn, Mərkəzi Asiya respublikalarına — Qazaxıstana, Özbəkistana və Qırğızıstana baxsaq, Çin artıq bu üç ölkəyə on milyardlarla investisiya qoyub. İndi Azərbaycan da bu investisiyadan pay almalıdır və almaq istəyir. Burada istehsal sahələrinin və hansısa logistik mərkəzlərin yaradılması, Çinlə birgə fəaliyyət ölkəmiz üçün çox uğurlu nəticələr verə bilər”.
Zeynəb Həsən
17:45 11.09.2026
Oxunuş sayı: 45