Azərbaycanlı abituriyentlər imtahanda niyə türkcə cavablar yazır?
Şagirdlərin Azərbaycan dili üzrə açıq tipli suallara cavab verərkən Türkiyə türkcəsinə aid söz və ifadələrdən istifadə etməsi dil mühitinin təhsilə təsirini yenidən gündəmə gətirib. Xüsusilə sosial media, YouTube və digər rəqəmsal platformalarda Türkiyə türkcəsində məzmunun geniş yayılması uşaqların gündəlik dil vərdişlərinə təsir edən amillərdən biri kimi nəzərdən keçirilir. Bu vəziyyət Azərbaycan dilinin məktəbdə öyrədilməsi ilə yanaşı, şagirdlərin dərsdənkənar informasiya mühitində hansı dil nümunələri ilə qarşılaşdığını da aktuallaşdırır.
Təhsil eksperti Əmrah Həsənli Crossmedia.az-a açıqlamasında şagirdlərin imtahanlarda, xüsusilə açıq tipli sualları cavablandırarkən Türkiyə türkcəsindən istifadə etməsinin rəqəmsal informasiya mühiti və qeyri-rəsmi öyrənmə faktorları ilə bağlı olduğunu bildirib: “Müasir uşaqlar biliyi və məzmunu təkcə məktəbdə dərsliklərdən almırlar. YouTube, TikTok, rəqəmsal oyunlar və tədris platformalarında Azərbaycan dilli keyfiyyətli, cəlbedici rəqəmsal məzmunun qıtlığı şagirdləri avtomatik olaraq Türkiyə resurslarına yönəldir. Uşaq günün böyük hissəsini bu məzmunları izləməklə keçirir və nəticədə onun düşüncə qəlibləri də həmin dildə formalaşır”.
Ekspertin sözlərinə görə, dərsliklərin uşaqlar üçün bəzən mürəkkəb olması və məktəblərdə mütaliə vərdişlərinin lazımi səviyyədə stimullaşdırılmaması ana dilində akademik söz bazasının zəifləməsinə səbəb olur: “Şagird fikrini ifadə etmək üçün öz dilində söz tapmayanda, şüuraltı olaraq media vasitəsilə ən çox eşitdiyi hazır sözlərdən istifadə edir. Bu hal şagirdlərin yazı və nitq bacarıqlarına, ən əsası isə akademik göstəricilərinə təsir edir. Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə meyarlarına əsasən, açıq tipli suallarda cavablar Azərbaycan dilinin orfoqrafik, leksik və qrammatik normalarına uyğun şəkildə yazılmalıdır”.

Əmrah Həsənli qeyd edib ki, problemin həlli şagirdlərə qadağa qoyulması və ya onların qınanması ilə mümkün deyil: “Rəqəmsal məzmun zənginləşdirilməli, uşaqların maraq dairəsinə uyğun Azərbaycan dilli interaktiv təhsil resursları hazırlanmalıdır. Azərbaycan dili və ədəbiyyat dərsləri yalnız qrammatik qaydaların əzbərlənməsinə deyil, şagirdin şifahi və yazılı nitqini, məntiqi mühakimə yürütmə bacarıqlarını inkişaf etdirən metodlara söykənməlidir. Eyni zamanda məktəblərdə mütaliə mədəniyyəti təşviq edilməlidir. Türkiyə türkcəsini bilmək uşaqlarımız üçün böyük üstünlük ola bilər, lakin bu üstünlük rəsmi təhsil mühitində və imtahan standartlarında ana dilimizin normativlərini arxa plana keçirməməlidir. Əsas məqsəd şagirdlərə hər iki dili fərqləndirməyi və akademik mühitdə ana dilimizdən düzgün, zəngin istifadə etməyi öyrətmək olmalıdır”.
Nigar Xəlilli
20:30 11.09.2026
Oxunuş sayı: 46