Azərbaycan Dillər Universiteti Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi – biliyə, tədqiqata və gələcəyə açılan qapı!
Azərbaycan Dillər Universiteti Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi yeni tədris ilinə hazırdır və fəaliyyətində qarşıya yeni hədəflər, yeni inkişaf istiqamətləri müəyyənləşdirir.
Yeni tədris ilinin başlanması universitet həyatında yalnız tədris prosesinin növbəti mərhələsi deyil, eyni zamanda qarşıya yeni məqsədlərin qoyulduğu, prioritetlərin müəyyənləşdirildiyi və gələcək inkişaf istiqamətlərinin formalaşdırıldığı mühüm dövrdür.
2026/2027-ci tədris ilinə qədəm qoyan Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi də fəaliyyətini müasir ali təhsilin çağırışlarına, rəqəmsal transformasiyanın tələblərinə və universitetin elmi-tədqiqat potensialının inkişafına uyğun şəkildə davam etdirməyi qarşısına məqsəd qoyur. Bu gün universitet kitabxanasının missiyası ənənəvi kitabxana xidmətlərindən daha geniş məzmun daşıyır. Müasir kitabxana tədris prosesinin informasiya təminatını həyata keçirən, tədqiqatçıya elmi informasiya axtarışında dəstək göstərən, rəqəmsal resurslara çıxış imkanları yaradan, akademik dürüstlüyü və informasiya savadlılığını təşviq edən, universitetin elmi irsinin qorunmasına və beynəlxalq akademik mühitdə görünürlüğünün artırılmasına töhfə verən mühüm strukturdur.
Beləliklə, yeni tədris ilində Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin fəaliyyətində kitab fondunun tədris və tədqiqat ehtiyaclarına uyğun zənginləşdirilməsi, birinci kurs tələbələrinin kitabxana xidmətləri ilə sistemli tanışlığı, elektron xidmətlərin genişləndirilməsiADU-nun DSpace İnstitusional Repozitoriyasının inkişaf etdirilməsi də prioritet istiqamətlərdəndir. Universitetdə hazırlanan elmi əsərlərin, dissertasiyaların, məqalələrin və digər akademik materialların rəqəmsal mühitdə qorunması onların açıq əlçatanlığının və beynəlxalq elmi dövriyyədə görünürlüğünün artmasına xidmət edir.
KOHA kitabxana idarəetmə sistemi, MARC21 və RDA standartlarının tətbiqi isə fondun daha çevik, sistemli və beynəlxalq tələblərə uyğun idarə olunmasına şərait yaradırBununla yanaşı, beynəlxalq elmi və elmmetrik platformalardan istifadənin təşviqi, akademik dürüstlük və informasiya savadlılığı üzrə maarifləndirmə, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, kafedralarla əməkdaşlığın gücləndirilməsi, universitetin elmi irsinin rəqəmsal mühitdə qorunması və beynəlxalq kitabxana təcrübəsinin öyrənilməsi fəaliyyətimizin mühüm istiqamətlərini təşkil edəcək.
Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin fəaliyyətində elmi-tədqiqatlara informasiya və analitik dəstəyin göstərilməsi xüsusi yer tutur. Scopus, Web of Science və Google Scholar məlumatları əsasında nəşr fəallığının, istinad göstəricilərinin və H-indeksin monitorinqi aparılacaq. Tədqiqatçılara ORCID profillərinin yaradılması və təkmilləşdirilməsi, nüfuzlu elmi jurnalların seçilməsi, akademik görünürlüğün artırılması və elmi nəticələrin düzgün təqdim olunması istiqamətində metodiki dəstək göstəriləcək.
Universitetdə həyata keçirilən bu yeniliklər ADU-nun rektoru, akademik Kamal Abdullanın rəhbərliyi ilə aparılan elmi, tədris və beynəlmiləlləşmə siyasətinin mühüm tərkib hissəsidir. Rektorun təşəbbüs və dəstəyi ilə universitetin beynəlxalq əlaqələri genişlənir, tələbə və müəllim mübadilələri təşviq olunur, yeni əməkdaşlıq layihələri həyata keçirilir, elmi mərkəzlər yaradılır və milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərilir. Akademik Kamal Abdullanın xarici universitetlərlə əməkdaşlığa, çoxdilli akademik mühitin inkişafına və tələbələrin beynəlxalq təcrübə qazanmasına verdiyi önəm universitetin strateji inkişafına mühüm töhfə verir.
Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin 2026/2027-ci tədris ilində əsas məqsədlərindən biri tələbə və professor-müəllim heyətinin tədris, elmi və tədqiqat fəaliyyətinin müasir informasiya resursları ilə təmin edilməsini daha da təkmilləşdirməkdir.
Tədris proqramlarında istifadə olunan ədəbiyyatın öyrənilməsi, kafedra və digər struktur bölmələri ilə əməkdaşlığın genişləndirilməsi, yeni kitab və elmi nəşrlərə olan tələbatın müəyyənləşdirilməsi, kitab fondunun müasir tədris və tədqiqat istiqamətlərinə uyğun komplektləşdirilməsi qarşıdakı dövrün mühüm fəaliyyət istiqamətlərindəndir.
Bu istiqamətdə kafedralarla əlaqələrin daha sistemli şəkildə qurulması, professor-müəllim heyətindən zəruri elmi və tədris ədəbiyyatı üzrə təkliflərin alınması, daxil olan sifarişlərin təhlil edilməsi və fondun istifadəçi tələbatına uyğun zənginləşdirilməsi nəzərdə tutulan əsas məsələlərdəndir.
Birinci kurs tələbələri üçün “Kitabxana ilə tanışlıq” proqramına xüsusi əhəmiyyət veriririk. Yeni tədris ilinin ilk günlərindən universitetə qəbul olunan birinci kurs tələbələrinin kitabxananın imkanları ilə yaxından tanış edilməsi, kitabxananın xidmət işi, informasiya təminatı, məlumat axtarışı üsulları ilə tanışlıgına xüsusi diqqət yetirilir.
Bu məqsədlə tələbələr üçün kitabxana turlarının, məlumatlandırıcı görüşlərin və “Kitabxana ilə tanışlıq” sessiyalarının keçirilməsi məqsədəuyğun hesab olunur. Tələbələrə kitabxananın fondu, oxu zalları, xidmət qaydaları, elektron kataloq, rəqəmsal resurslar, institusional repozitori və digər informasiya imkanları barədə ətraflı məlumat verilməsi onların universitet həyatının ilk mərhələsindən etibarən kitabxana xidmətlərindən səmərəli istifadəsinə şərait yaradacaq.
Əsas məqsəd tələbədə belə bir düşüncə formalaşdırmaqdır. Kitabxana onun bütün təhsil müddəti ərzində akademik tərəfdaşıdır. İndiki halda Rəqəmsal transformasiya müasir kitabxanaların fəaliyyətində əsas inkişaf istiqamətlərindən birinə çevrilmişdir.
2026/2027-ci tədris ilində elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal informasiya resurslarından istifadənin təşviqi və istifadəçilərin bu resurslar barədə daha sistemli məlumatlandırılması Mərkəzin fəaliyyətində xüsusi yer tutmalıdır.
Elektron kataloq imkanlarının təkmilləşdirilməsi, rəqəmsallaşdırılmış materialların sistemli təşkili, istifadəçilərin elektron resurslara çıxış imkanlarının artırılması və kitabxana xidmətlərinin mümkün qədər operativ şəkildə təqdim edilməsi müasir universitet kitabxanasının əsas tələblərindəndir.
DSpace institusional repozitorisinin inkişaf etdirilməsi işini davam etdiririk. Universitetin elmi irsinin qorunması və dünya akademik ictimaiyyətinə təqdim olunmasında institusional repozitorinin xüsusi əhəmiyyəti vardır. Bu baxımdan ADU-nun DSpace institusional repozitorisində universitetdə yaradılan elmi məhsulların sistemli şəkildə toplanması, təsnifləşdirilməsi, arxivləşdirilməsi və əlçatanlığının təmin olunması qarşıdakı dövr üçün mühüm istiqamətlərdən biri olaraq qalır.
Professor-müəllim heyətinin elmi əsərləri, monoqrafiyalar, dərslik və dərs vəsaitləri, konfrans materialları, dissertasiya və digər akademik resursların müvafiq qaydalara uyğun olaraq rəqəmsal mühitdə qorunması universitetin elmi yaddaşının formalaşdırılması baxımından əhəmiyyətlidir.
İnstitusional repozitorinin davamlı inkişaf etdirilməsi həm də ADU-da yaradılan elmi məhsulların əlçatanlığının və beynəlxalq elmi informasiya məkanında görünürlüğünün yüksəldilməsinə xidmət edir.
Tədqiqatçılara bibliometrik və informasiya dəstəyinin gücləndirilməsi işi də davam edir. Müasir universitet kitabxanasının fəaliyyətində yeni istiqamətlərdən biri tədqiqatçıların bibliometrik və elmmetrik məlumatlarla təmin olunmasıdır. Elmi fəaliyyətin nəticələrinin düzgün təqdim olunması, müəllif profillərinin formalaşdırılması, istinad göstəricilərinin izlənilməsi, H-indeks və digər bibliometrik göstəricilər haqqında məlumatlılığın artırılması tədqiqatçının beynəlxalq akademik mühitdə fəaliyyətinə mühüm təsir göstərir.
Bu istiqamətdə professor-müəllim heyəti, doktorantlar, dissertantlar və magistrantlar üçün məlumatlandırıcı görüşlərin və infosessiyaların təşkil olunması, elmi məlumat bazalarından istifadə imkanlarının izah edilməsi, nüfuzlu elmi jurnalların seçilməsi və akademik müəllif profilinin düzgün idarə olunması ilə bağlı metodiki dəstəyin gücləndirilməsi məqsədəuyğundur.
Bibliometrik təhlil imkanlarından istifadə etməklə universitet üzrə tədqiqat istiqamətlərinin, elmi məhsuldarlığın və yeni tədqiqat trendlərinin müəyyənləşdirilməsinə informasiya dəstəyi göstərilməsi də kitabxananın müasir fəaliyyət istiqamətlərindən biri kimi inkişaf etdirilə bilər.
Müasir elmi tədqiqatın keyfiyyətinə təsir edən əsas amillərdən biri tədqiqatçının etibarlı və nüfuzlu elmi informasiya mənbələrinə çıxış imkanlarıdır. Bu səbəbdən yeni tədris ilində universitetin professor-müəllim heyəti və tədqiqatçılarının beynəlxalq elmi məlumat bazaları və elmmetrik platformaların imkanları barədə məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.
Elmi məqalələrin axtarışı, nüfuzlu jurnalların müəyyənləşdirilməsi, istinadların izlənilməsi, tədqiqat nəticələrinin müqayisəli təhlili və müəlliflərin elmi fəaliyyət göstəricilərinin öyrənilməsi istiqamətində maarifləndirmə tədbirlərinin təşkili universitetin ümumi tədqiqat potensialının inkişafına töhfə verə bilər.
Eyni zamanda, AD Scientific Index və digər akademik platformalarla əməkdaşlıq imkanlarından istifadə etməklə universitet alimlərinin elmi fəaliyyətinin və nəşrlərinin daha geniş elmi auditoriyaya təqdim edilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulan mühüm istiqamətlər sırasındadır.
2026/2027-ci tədris ilində kitabxananın maarifləndirici fəaliyyətində akademik dürüstlük və informasiya savadlılığı məsələlərinin də xüsusi yer tutması vacibdir. Müasir informasiya bolluğu şəraitində tələbə və tədqiqatçı yalnız məlumatı tapmağı deyil, onun etibarlılığını qiymətləndirməyi, müxtəlif mənbələri müqayisə etməyi və əldə etdiyi informasiyadan etik qaydada istifadə etməyi bacarmalıdır.
Mənbələrə düzgün istinad, sitatvermə qaydaları, plagiatın qarşısının alınması, müəllif hüquqlarına hörmət və akademik etikaya riayət olunması ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi universitetdə sağlam akademik mühitin möhkəmləndirilməsinə xidmət edəcək.
Rəqəmsal resursların sürətlə artmasına baxmayaraq, kitab və mütaliə öz əhəmiyyətini qoruyub saxlayır. Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi yeni tədris ilində tələbələr arasında mütaliə mədəniyyətinin təşviqinə yönəlmiş fəaliyyətlərin genişləndirilməsini də mühüm istiqamətlərdən biri hesab edir.
Kitab sərgiləri, yeni nəşrlərin təqdimatları, müəlliflərlə görüşlər, mütaliə günləri, tematik kitab guşələri, ədəbi müzakirələr və kitab bağışı aksiyalarının təşkili universitetdə mütaliə mühitinin zənginləşdirilməsinə xidmət edə bilər.
Xüsusilə gənclərin bədii ədəbiyyatla yanaşı, elmi və elmi-kütləvi nəşrlərə marağının artırılması onların analitik və tənqidi düşünmə qabiliyyətlərinin inkişafına mühüm töhfə verə bilər.
Kitabxananın səmərəli fəaliyyəti universitetin digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıqdan bilavasitə asılıdır. Yeni tədris ilində fakültə və kafedralarla əlaqələrin daha da gücləndirilməsi, tədris proqramlarının ədəbiyyat təminatının birgə təhlili, tədqiqatçıların informasiya ehtiyaclarının öyrənilməsi və elmi-maarifləndirici layihələrin birgə həyata keçirilməsi mühüm məqsədlərdəndir.
Kitabxana ilə kafedralar arasında davamlı informasiya mübadiləsinin yaradılması fondun məqsədyönlü komplektləşdirilməsinə və mövcud resurslardan daha səmərəli istifadə olunmasına imkan verəcək.
Müasir kitabxana işinin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi də böyük əhəmiyyət daşıyır. Dünyanın qabaqcıl universitet kitabxanalarının fəaliyyət modellərinin araşdırılması, rəqəmsal kitabxana xidmətləri, açıq elm, institusional repozitorilər, bibliometriya və tədqiqatçı xidmətləri sahəsində uğurlu təcrübələrin öyrənilməsi Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsinə yeni imkanlar yarada bilər.
Beynəlxalq kitabxana və informasiya qurumları ilə əlaqələrin genişləndirilməsi, birgə layihələrdə iştirak, peşəkar təcrübə mübadiləsi və beynəlxalq informasiya resurslarına çıxış imkanlarının araşdırılması qarşıdakı dövr üçün perspektivli istiqamətlərdəndir.
Yeni tədris ilində Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi də universitet rəhbərliyinin müəyyənləşdirdiyi inkişaf istiqamətlərinə uyğun olaraq fəaliyyətini davam etdirəcək. EKIXM ənənəvi kitabxana xidmətlərini müasir texnologiyalar, rəqəmsal resurslar və tədqiqat analitikası ilə birləşdirərək universitetin elmi-informasiya infrastrukturunun inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.
Yeni tədris ili qarşıya yeni vəzifələr qoymaqla yanaşı, yeni imkanlar da açır. Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi olaraq məqsədimiz kitabxananı universitetin təhsil və elmi-tədqiqat prosesinin fəal iştirakçısına, tələbələrin sevimli intellektual məkanına, müəllim və tədqiqatçıların etibarlı informasiya tərəfdaşına çevirməkdir.
Unutmayaq ki, kitabxanaya gedən yol əslində biliyə, elmə və gələcəyə gedən yoldur. Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi professor-müəllim heyətini, tələbələri, doktorantları, dissertantları, magistrantları və bütün universitet ictimaiyyətini 2026/2027-ci tədris ilinin başlanması münasibətilə səmimi-qəlbdən təbrik edir.
Arzu edirik ki, yeni tədris ili Azərbaycan Dillər Universiteti üçün yeni elmi nailiyyətlər, uğurlu tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar, innovativ təşəbbüslər və tələbələrimizin yeni uğurları ilə yadda qalsın.
Yeni tədris ilimiz uğurlu və məhsuldar olsun!
Azərbaycan Dillər Universitetinin
Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru
Cəmilə Əliyeva
10:57 12.09.2026
Oxunuş sayı: 66