MEK ilə Türkiyənin Sinop Universiteti arasında “Qardaş Kitabxanalar Anlaşma Memorandumu” imzalanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Türkiyənin Sinop Universiteti arasında “Qardaş Kitabxanalar Anlaşma Memorandumu” imzalanıb. Bununla bağlı tərəflərin iştirakı ilə onlayn görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüşü giriş sözü ilə açan MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini bildirib. Direktor kitabxanalar arasında qurulan əlaqələrin elmi informasiya mübadiləsinin, rəqəmsal resursların paylaşılmasının və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edib ki, MEK dünyanın bir sıra aparıcı kitabxanaları, ali təhsil müəssisələri və elmi təşkilatları ilə uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıqda Türkiyənin kitabxanaları, universitetləri və nəşriyyatları xüsusi yer tutur.
Hüseyn Hüseynov ötən ildən Sinop Universiteti ilə qurulan əməkdaşlığın hər iki qurum üçün faydalı nəticələr verdiyini də ifadə edib. Belə ki, qurulan səmərəli tərəfdaşlığın nəticəsi kimi Sinop Universitetinin DərgiPark elektron bazasına daxil olan jurnallar MEK oxucularının istifadəsinə verilib.
Sinop Universitetinin prorektoru, professor Muhitdin Yılmaz isə Azərbaycanla elmi-mədəni əlaqələrin inkişafına böyük önəm verdiklərini bildirib. O, AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə əməkdaşlığın universitet üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Professor qeyd edib ki, yaxın vaxtlarda Sinop Universitetinin kitabxanasında Azərbaycana həsr olunmuş xüsusi guşənin yaradılması planlaşdırılır. Həmin guşənin MEK-in dəstəyi və təqdim edəcəyi nəşrlərlə zənginləşdirilməsi nəzərdə tutulur.
Universitetin Kitabxana və Sənədləşmə Şöbəsinin müdiri Hüseyn Konukçu çıxışında MEK-in zəngin informasiya resurslarından və təcrübəsindən faydalanmaqda maraqlı olduqlarını vurğulayıb. Əməkdaşlığın kitabxana işi, rəqəmsal xidmətlər, elmi informasiya mübadiləsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində yeni imkanlar yaradacağını qeyd edib.
Sonda AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Sinop Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu MEK-in direktoru Hüseyn Hüseynov və Sinop Universitetinin prorektoru Muhitdin Yılmaz imzalayıblar.
İmzalanan memorandum tərəflər arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi, kitab və digər informasiya resurslarının mübadiləsi, rəqəmsallaşdırma, birgə layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin təşviq edilməsini nəzərdə tutur.
10:00 17.07.2026
Oxunuş sayı: 75