Rusiya XİN: Azərbaycan Cənubi Qafqazda mühüm tərəfdaşımızdır
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda Moskvanın mühüm tərəfdaşlarından biri olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri ərəfəsində yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri əsasında ardıcıl inkişaf edir.
"Ölkələrimiz arasında gündəlik əməkdaşlıq bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri üzərində qurulur", – deyə sənəddə vurğulanıb.
Rusiya XİN həmçinin Cənubi Qafqazda sülh və sabitliyin Moskva üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Bəyanatda bildirilib ki, Rusiya əvvəlki kimi Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına, o cümlədən sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərində zəruri dəstəyi göstərməyə hazırdır.
Sənəddə vurğulanıb ki, bu proseslərin "yol xəritələri" 2020–2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlarda öz əksini tapıb.
Rusiya XİN Ceyhun Bayramovun qarşıdakı səfərini Rusiya-Azərbaycan siyasi dialoqunun davamı və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.
12:06 16.07.2026
Oxunuş sayı: 64